...

“Rəy” Monitorinq Mərkəzi: Rəyi soruşulanların 81,2 faizi İlham Əliyevin prezidentliyə namizədliyinə səs verəcəyini açıqlayıb

Siyasət Materials 1 Avqust 2013 12:33 (UTC +04:00)
Azərbaycanda keçirilən rəy sorğusuna görə, rəyi soruşulanların 81,2 faizi İlham Əliyevin prezidentliyə namizədliyinə səs verəcəyini açıqlayıb.
“Rəy” Monitorinq Mərkəzi: Rəyi soruşulanların 81,2 faizi İlham Əliyevin prezidentliyə namizədliyinə səs verəcəyini açıqlayıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçirilən rəy sorğusuna görə, rəyi soruşulanların 81,2 faizi İlham Əliyevin prezidentliyə namizədliyinə səs verəcəyini açıqlayıb.

"Rəy" Monitorinq Mərkəzindən Trend-ə daxil olan məlumata görə, "Bu namizədlərdən hansına səs verərdiniz?" sualına cavabda isə rəyi soruşulanların 81,2 faizi İlham Əliyevin, 2 faizdən az hissəsi İsa Qəmbərin və təxminən 1 faizi Əli Kərimlinin adını çəkib.

Məlumatda qeyd olunub ki, seçki marafonunun rəsmən elan olunmasına az qalıb və tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatına start verəcək. Hələlik bu günədək Azərbaycan prezidenti postuna üç iddiaçının namizədliyi irəli sürülüb. Bu, hazırki dövlət başçısı İlham Əliyev, Müsavat başqanı İsa Qəmbər və kinodramaturq Rüstəm İbrahimbəyovdur.

Hərçənd bu siyahının dəyişib-dəyişməyəcəyi və son olaraq namizədlər sırasında kimlərin yer alacağı sentyabrda, MSK tərəfindən namizədlərin qeydiyyatı başa çatanda bilinəcək.

Respondentlərin 11,7 faizi tam əminliklə müxalifət düşərgəsində "Milli Şuranın mövcudluğundan xəbərim var" deyə bildirib, daha 17,2 faiz isə "bu barədə nəsə eşitmişəm" deyib (bu, sorğu iştirakçılarının cəmi 30 faizə yaxınını təşkil edir ki, onların da dörddə üçü Bakı sakinləridir). Bu zaman rəyi soruşulanların 74,2 faizi onları yoxlamaq üçün verilmiş filtr-sualı cavablandırarkən dolaşıb qalıb və Milli Şura üzvlərindən heç olmazsa üçünün belə adını çəkə bilməyib.

Rüstəm İbrahimbəyovun "müxalifətin vahid namizədi" kimi irəli sürülməsindən isə seçicilərin 86,1 faizi xəbərsizdir.

Üstəlik rəyi soruşulanların 91,1 faizi müxalifətin planına görə seçkidə qələbə qazanacağı təqdirdə "vahid namizəd"in prezident kürsüsündə iki ildən artıq oturmayacağını bilmir (bu dövr ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi, keçid hökumətinin yaradılması və növbədənkənar prezident seçkilərinin təşkili nəzərdə tutulur). Başqa sözlə desək, əhalinin mütləq əksəriyyəti Milli Şuranın yaradılması və R. İbrahimbəyovun müxalifətin "vahid namizədi" kimi irəli sürülməsi də daxil olmaqla bütün bu çoxgedişli kombinasiyalardan xəbərsizdir.

"Prezidentliyə namizədin irəli sürülməsi Sizdən asılı olsaydı, kimin namizədliyini təklif edərdiniz?" sualını cavablandırarkən respondentlərin yalnız 1 faizi R. İbrahimbəyovun adını çəkib (özü də Bakıda bu rəqəm 1,5 faiz olubsa, ölkənin qalan ərazisi üzrə cəmi 0,8 faiz təşkil edib).

Yeri gəlmişkən, bundan təxminən üç dəfə artıq sayda insan qeyd edib ki, prezidentliyə İsa Qəmbərin, 1,6 faiz isə Əli Kərimlinin namizədliyini irəli sürərdi.

Hesabat 2013-cü il iyulun 22-28-də keçirilmiş ümumrespublika ictimai rəy sorğusunun materialları əsasında hazırlanıb. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilib. Tədqiqatın nisbi xətası 3 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti