Azərbaycan, Bakı, 13 avqust / Trend, müxbir M.Əliyev/
Azərbaycanda keçiriləcək prezident seçkiləri radikalların ideoloji və siyasi baxımdan iflası demək olacaq. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində bildirib.
M.Qurbanlı deyib ki, müxtəlif partiyaların namizədləri prezident seçkiləri ilə bağlı sənədlərini MSK-ya təqdim ediblər, radikal qanadda isə daxili birliyin və vahid mövqenin olmadığı görünməkdədir: "Onların namizəd kimi müəyyənləşdirdiyi Rüstəm İbrahimbəyovun sənəd problemləri var. Eləcə də, bu düşərgədə digər iddialı şəxslər var ki, onlar da hələ qəti qərara gələ bilməyiblər. Əlbəttə, radikallığın sonu həmişə cəmiyyətdə məğlubiyyətlə nəticələnir. Çünki radikallığın içərisində ambisiyalar gizlənir".
YAP rəsmisi vurğulayıb ki, Azərbaycan cəmiyyəti sabitlik, iqtisadi inkişaf, sosial rifah, milli müstəqilliyimizin daha da güclənməsini istəyir: "Ona görə də, cəmiyyətimiz indiyədək qazanılmış uğurların qorunmasının tərəfdarıdır. Amma müxalifətin radikal qanadı isə hakimiyyətə gəlmək naminə yenidən qarşıdurmalara, dağıdıcılığa, Azərbaycanın başqa ölkələrin təsir dairəsinə sürükləməyə hazırdır. Bu səbəbdən də, cəmiyyətimiz radikal qanadı inkar edir".
YAP icra katibinin müavini deyib ki, radikalların inkarı bütün hallarda özünü göstərir: "Hazırda konstruktiv müxalifətin çəkisi radikal qanadın çəkisindən çox üstündür. İlbəil radikal çağırışların tərəfdarlarının sayı azalmaqdadır. Ona görə də, müxalifətin radikal qanadını özündə birləşdirən "Milli Şura" kimin namizədliyini irəli sürürsə sürsün, həmin namizədin uğur qazanacağı qeyri-mümkündür. Eyni zamanda, yəqin ki, radikal qanadın namizədi nəticədə müxalifətin konstruktiv qanadından az səs toplayacaq. Proqnozlar da bunu göstərir. Bu baxımdan, 2013-cü il prezident seçkilərini Azərbaycanda müxalifətin radikal qanadının süqutu və iflası kimi dəyərləndirmək olar".
M.Qurbanlı qeyd edib ki, radikalların ideoloji-siyasi iflası seçkiöncəsi proseslərdə də özünü qabarıq şəkildə göstərdi: "Biz gələcək seçkilərdə Azərbaycanda azad və demokratik bir mühitdə sabitliyə, rifaha, inkişafa səs verən elektoratın üstünlüyünü görəcəyik. Sabitlik, inkişaf və rifah Azərbaycan cəmiyyətinin əsas istəyidir və bu istəyi də həyata keçirən siyasi qüvvə YAP və onun namizədi cənab İlham Əliyevdir".