...

İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 14 Avqust 2013 13:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi.

İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Sonra "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İsmayıllı rayonunda sifarişçisi "Meliorasiya və Su Təsərrüfatı" ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilmiş, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunmuş və kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilmişdir. Bundan başqa dörd su anbarı inşa edilmişdir. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir. Qurğunun tikinti işləri davam etdirilir.

Daha sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.

Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti