...

Fəzail Ağamalı: Rüstəm İbrahimbəyov çox biabırçı şəkildə uduzduğunu gördü

Siyasət Materials 14 Sentyabr 2013 10:55 (UTC +04:00)
Rüstəm İbrahimbəyov bu oyunda çox biabırçı şəkildə uduzduğunu və çox gülünc bir vəziyyətə düşdüyünü görərək, Milli Şuranın seçki proseslərində iştirak etmək niyyətində olmadığını göstərir.
Fəzail Ağamalı: Rüstəm İbrahimbəyov çox biabırçı şəkildə uduzduğunu gördü

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Rüstəm İbrahimbəyov bu oyunda çox biabırçı şəkildə uduzduğunu və çox gülünc bir vəziyyətə düşdüyünü görərək, Milli Şuranın seçki proseslərində iştirak etmək niyyətində olmadığını göstərir.

Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun London səfərindən imtina etməsinə münasibət bildirərkən deyib.

F.Ağamalı qeyd edib ki, artıq Rüstəm İbrahimbəyov Milli Şurada yoxdur: "O, sadəcə olaraq formal şəkildə Milli Şuranın sədri adını daşıyır. Hər halda Rüstəm İbrahimbəyov iki ay bundan əvvəlki Rüstəm İbrahimbəyov deyil, artıq Rüstəm İbrahimbəyov ortada yoxdur. Ona görə Rüstəm İbrahimbəyov Azərbaycanın siyasi arenasında bir gülüş hədəfinə çevrildi və bundan sonra hər zaman Rüstəm İbrahimbəyovun adı gələndə bir istehzalı təbəssüm yaranacaq".

Milli Şuranın London səfərinə münasibət bildirən F.Ağamalı qeyd edib ki, radikal müxalifətin milli dəyərlərə zidd olan və dəstəyi Azərbaycan xalqından deyil, kənarda axtarmaq ənənəsi hələ də davam edir: "Çox qəribədir ki, prezidentlik uğrunda mübarizə aparmağa çalışan, özünü Azərbaycanda güclü müxalifət kimi təqdim etməyə səy göstərən müxalifətin xüsusən də Müsavat və Xalq Cəbhəsi qanadları öz ambisiyalarını reallaşdırmaq üçün hər zaman xaricdən dəstək axtarıblar. Görünür ki, onların Azərbaycan xalqının iradəsinə söykənmək, Azərbaycan xalqının maraqlarına uyğun hərəkət etmək, onun rəğbətini qazanmaq imkanları olmadığına görə hər zaman xaricdən dəstək almağa çalışıblar".

F.Ağamalı vurğulayıb ki, Rusiyadan dəstək almaq üçün növbəyə duran Milli Şura özünün mahiyyətini, qarşısına qoyduğu məqsədini həyata keçirə bilmədi, iflasa uğradı və vəziyyətdən çıxış üçün, özlərini biabır etməmək və siyasətdə qalmaq üçün Cəmil Həsənlini qurbanlıq kimi Milli Şuranın namizədi etdilər: "İndi də Londona gedirlər. Londonda onların hər hansı bir dəstəyi ola bilməyəcək, çünki Azərbaycanda səs verən London əhalisi deyil, Azərbaycan xalqıdır. Onlar görüş keçirəcəklər, görüşdə ola bilsin deyəcəklər ki, biz də Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlıyıq, bir çağırış ola bilər və sair. Onsuz da ölkə Prezidenti həmin çağırışlardan öncə, çağırışlara ehtiyac olmadan Azərbaycanda seçkilərin şəffaf, demokratik, azad keçirilməsi üçün bütün mümkün imkanları yaradıb və ölkənin mövcud qanunlarına uyğun olaraq, azad və demokratik seçkilər keçiriləcək. Ona görə də onların Londona və yaxud da başqa ölkələrə səfəri heç bir nəticə verməyəcək, çünki söz sahibi Azərbaycan xalqıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti