...

Əli Əhmədov: Seçki kampaniyasında yeni texnologiyalardan və sosial şəbəkələrdən geniş istifadə etmək yolunu tutmuşuq (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 16 Sentyabr 2013 18:21 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri kampaniyasına kifayət qədər ciddi hazırlaşır. Trend-in məlumatına görə, bunu partiyanın sədr müavini - icra katibi Əli Əhmədov keçirdiyi brifinqdə deyib.
Əli Əhmədov: Seçki kampaniyasında yeni texnologiyalardan və sosial şəbəkələrdən geniş istifadə etmək yolunu tutmuşuq (ƏLAVƏ OLUNUB-2)

İlk xəbər saat 17:33-də yayılıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri kampaniyasına kifayət qədər ciddi hazırlaşır. Trend-in məlumatına görə, bunu partiyanın sədr müavini - icra katibi Əli Əhmədov bu gün keçirdiyi brifinqdə deyib.

Ə.Əhmədov bildirib ki, YAP təşviqat kampaniyasını da kifayət qədər fəal keçirəcək: "Bizim seçki kampaniyasında istinad etdiyimiz əsas resurs xalqın İlham Əliyevə inamı və etimadıdır. Son 10 ildə bütövlükdə Azərbaycan yeniləşib, dəyişib və hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklər baş verib. Bu mənada insanlar bu inkişafın müəllifi İlham Əliyevi dəstəkləyirlər. Bu inam ötən 10 ilin uğurlarına, sınaqlarına söykənir. Bizim digər resursumuz insan resursudur. Bu, təkcə YAP-ın çoxlu sayda üzvləri deyil, eyni zamanda, İlham Əliyevin təşviqat kampaniyasında iştirak etmək istəyən digər Azərbaycan vətəndaşlarıdır. Bu gün YAP-ın yerli nümayəndələri İlham Əliyevin təşviqat plakatlarını yerləşdiriblər və bu, onların İlham Əliyevin təşviqat kampaniyasına nə qədər fədakarlıqla yanaşmalarını göstərir".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan cəmiyyətində böyük seçki əhval-ruhiyyəsi var:

"YAP olaraq biz seçki kampaniyasına qoşulmuş bütün namizədlərə hörmətlə yanaşırıq, ancaq İlham Əliyevin böyük şansını, həlledici üstünlüyünü aydın görmək olar. Lakin bu bizi arxayınlaşdırmır və biz seçki kampaniyasına çox ciddi yanaşırıq. Biz hər seçki ilində yeniliklərdən istifadə edirik. Bu seçki kampaniyasında da yeni texnologiyalardan və sosial şəbəkələrdən geniş istifadə etmək yolunu tutmuşuq. İnsanların informasiya əldə etmək vasitələri yenilənib və biz bu yeniliklərdən istifadə edirik. Gəncləri də bu kampaniyaya geniş cəlb etmişik və gənclər sosial şəbəkələrdə bu istiqamətdə aktiv iştirak edirlər. "İlhamla irəli" devizi altında təşviqat kampaniyası geniş formada aparılır. Eyni zamanda, videoçarxlar formasında materiallardan da istifadə edəcəyik".

"İlhamla irəli" şüarının seçilməsi məsələsinə münasibət bildirən icra katibi deyib ki, İlham Əliyevin rəhbərliyi altında əzəmətli inkişafa nail olunub: "Son 10 il ərzində Azərbaycan bütünlüklə müsbət mənada dəyişib, böyük inkişaf yolu keçib, hər bir insanın həyatı yaxşılığa doğru xeyli dəyişib. Belə olan halda, "bu yola davam" fəlsəfəsi özünü göstərir. Biz İlham Əliyevin rəhbərliyi altında əldə olunan inkişafı növbəti 5 ildə də davam etdirmək prinsipindən çıxış edirik. Əgər ölkə son 10 ildə böyük inkişaf yolu keçibsə, bu siyasət özünü doğruldubsa, yeni yol müəyyənləşdirməyə ehtiyac qalmır. Biz qərara aldıq ki, bu yolu davam etdirək və bu yolun lokanik ifadəsi "İlhamla irəli"dir".

Ə.Əhmədov qeyd edib ki, indi hər hansı dəqiq proqnoz vermək düzgün olmaz: "Lakin indiyə qədər Azərbaycanda keçirilən sorğular nəticəsində 75-80 faiz İlham Əliyevi dəstəkləyir. Biz bu sorğuların düzgünlüyünə inanırıq. İlham Əliyev böyük üstünlüklə qələbə qazanacaq".

Partiyanın sədr müavini bildirib ki, seçki kampaniyası zamanı mitinq, kütləvi aksiyalardan deyil, əsasən yeni texnologiyalardan istifadə edəcəklər: "Ancaq kütləvi aksiyalar istisna deyil, təşviqat kampaniyası zamanı kütləvi aksiyalardan da istifadə olunacaq".

"Öz rəqiblərinizlə bağlı monitorinq aparmısınız" sualına Ə.Əhmədov belə cavab verib: "Biz apardığımız monitorinqlər nəticəsində namizədlərdən birinin seçki kampaniyasına Seçki Məcəlləsində nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl başladığını müəyyənləşdirmişik. Biz etirazımızı bildirmişik. Bu gün də YAP MSK-ya etiraz məktubu göndərmək hüququnu özündə saxlayır. Lakin biz bunu etmirik, çünki Yeni Azərbaycan Partiyası olaraq böyük üstünlüyə malik olduğumuza görə rəqiblərimizin hansınısa sıradan çıxarmaq yolunu tutmuruq. Biz bununla öz rəqiblərimizə mənəvi bir dərs vermək istəyirik".

YAP-ın icra katibi müxalifətin düşdüyü vəziyyətə də münasibət bildirib: "Rüstəm İbrahimbəyov siyasətdə nəinki naşıdır, həm də qeyri-ciddi bir adamdır. Rüstəm İbrahimbəyovun son bəyanatları onu göstərir ki, o, siyasətə qoşularkən qeyri-ciddi adam imiş. O ki qaldı müxalifətin Rüstəm İbrahimbəyovun iştirakı ilə belə bir vəziyyətə düşməsi, bilirsiniz, əgər insan aldanmaq istəyirsə, mütləq aldanacaq, insan pis vəziyyətə düşmək istəyirsə, mütləq düşəcək. Müxalifət kimə aldanmaq istəyirdisə, aldandı, müxalifət pis vəziyyətə düşmək istəyirdisə, elə pis vəziyyətə də düşdü. Bunu Rüstəm İbrahimbəyov elədi, başqası elədi, amma hesab edirəm ki, başlıca günahkar müxalifət özüdür".

Növbəti beş ildə İlham Əliyevin proqramı haqqında danışan Ə.Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası və partiyanın namizədi, ölkə rəhbəri İlham Əliyevin əsas hədəfi ölkənin iqtisadiyyatının daha da inkişaf etdirilməsidir. Bu barədə Prezident öz mövqeyini elan edib: "Qarşıdakı beş illik müddət ərzində Azərbaycan iqtisadiyyatının 2 dəfə artırılması təmin ediləcək. Digər sahələrdə də bu günə qədər aparılan xətt, islahatlar davam etdiriləcək. Məqsəd Azərbaycanın modernləşdirilməsi xəttini davam etdirmək, Azərbaycanı dünyanın ən layiqli dövlətlərindən birinə çevirmək, müasirləşdirmək və beləliklə də həm iqtisadi parametrlər baxımından güclü, həm də digər parametrlərlə bağlı cəlbedici bir dövlətə çevirmək məqsədi güdürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti