Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Son vaxtlar bir sıra şəxslər, xüsusilə gənclər tərəfindən xarici ölkələrdən soyuq silahların- beşbarmaqların, dəyənəklərin, pnevmatik və qaz tapançalarının və digər bu qəbildən olan əşyaların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhdlər intensivləşib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu cür hallar üzrə gömrük orqanları tərəfindən son vaxtlar xeyli fakt aşkar olunub, hüquqpozma törədənlərdən yüzlərlə belə əşyalar götürülüb.
Belə ki, bu günlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Antalya-Bakı aviareysinin sərnişini, Azərbaycan vətəndaşı Rüstəmov İbrahim Musa oğluna məxsus əl yükündən 2 ədəd metaldan hazırlanmış "beşbarmaq", digər Azərbaycan vətəndaşı, İstanbul-Bakı aviareysinin sərnişini Baxşıyev Qafar Vəliağa oğlundan isə özü ilə təyyarənin salonuna keçirməklə gətirdiyi 1 ədəd əsanın içərisində yerləşdirilmiş, tiyəsinin uzunluğu 305 mm olan xəncər aşkarlayıblar.
Bu cür faktlara Xaçmaz Gömrük İdarəsinin sərhəd gömrük keçid məntəqələrində də rast gəlinib. Belə ki, Rusiya Federasiyası istiqamətindən "Şirvanovka" gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Hacıyev Tərlan Hacızeynal oğlundan 1 ədəd sökülmüş vəziyyətdə olan 4,5 mm kalibrli "Gietcher" markalı tapanca, 5 ədəd qeyd olunan tapancada istifadə olunan qaz balonu, bir ədəd qobur və təqribi çəkisi 400 qram olan qırma, Azərbaycandan Rusiya Federasiyasına gedən bu ölkənin vətəndaşı Pirmaqomedov Axmed Şamaxieviçin idarə etdiyi "Ford Fokus" markalı H 734 AE 05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə "Samur" gömrük postunda keçirilmiş gömrük baxışı zamanı bəyan olunmayan 25 yerlik güllə qoymaq üçün nəzərdə tutulmuş plastik qabda 7 ədəd 9 mm. kalibrli rezin başlıqlı güllələr, yenə eyniadlı postda Rusiya Federasiyası istiqamətindən daxil olan "Neoplan" markalı 90 FN 056 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı, Azərbaycan vətəndaşı Cəbiyev İsmayıl Əbilfət oğlundan 75 ədəd 16 kalibrli metal boş ov patronlarının gilizləri və 800 ədəd ov patronlarının pistonları, "VolksvagenGrafter" markalı 57 BT 675 dövlət nömrə nişanlı mikroavtobusu idarə edən Azərbaycan vətəndaşı Bağırov Muxtar Tofiq oğlundan isə optik nişangah, İspaniya istehsalı olan 4,5 kalibrli tüfəng, qeyd olunan tüfəngdə istifadə olunan qırma, 15 ədəd 32 kalibrlik boş gilizlər aşkar olunub.
Belə əşyaları gömrük sərhədindən keçirməyə cəhd göstərən şəxslər verdiyi izahatlarında müxtəlif bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışırlar. Dövlət Gömrük Komitəsi xəbərdarlıq edir ki, səlahiyyətli ekspert rəylərinə əsasən, kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik bu beşbarmaqlar, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bu əməllərə görə digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulur.