...

QDİƏT missiyasının rəhbəri: Azərbaycan bu gün demokratik seçkilərin keçirildiyi demokratik ölkədir (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 13:17 (UTC +04:00)
Azərbaycan bu gün demokratik seçkilərin keçirildiyi demokratik ölkədir.
QDİƏT missiyasının rəhbəri: Azərbaycan bu gün demokratik seçkilərin keçirildiyi demokratik ölkədir (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbirlər H. Vəliyev, E. Əliyev/

Azərbaycan bu gün demokratik seçkilərin keçirildiyi demokratik ölkədir. Bu barədə çərşənbə günü Trend-ə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, QDİƏT-in Azərbaycanda prezident seçkilərinin gedişatını izləyən müşahidəçilər qrupunun rəhbəri İsmayıl Safi deyib.

İ. Safi bildirib: "Bu gün biz həmkarlarımızla birlikdə QDİƏT-ə daxil olan 12 ölkədən 4-nü təmsil edirik. İnanıram ki, Azərbaycanda bu gün ədalətli, şəffaf, demokratik seçkilər keçiriləcək".

Onun sözlərinə görə, Türkiyə həmişə qardaş Azərbaycan dövlətinin yanında olub və bundan sonra da yanında olacaq.

İ. Safi deyib: "Mən tez-tez Azərbaycanda oluram və hər növbəti səfərimdə yeni bir şey görürəm. Belə böyük dəyişikliklər bizdə qardaş ölkəyə görə qürur hissi yaradır. Ümumilikdə Türkiyə və Azərbaycan xalqları arasında xüsusi əlaqələr qurulub. Azərbaycan xalqı çox mehriban xalqdır. Azərbaycan dövləti regionda, yaxın xaricdə və beynəlxalq arenada çox ciddi oyunçuya çevrilib. Türkiyə dəfələrlə beynəlxalq arenada təklikdə qalıb, lakin hazırda Azərbaycan bizi dəstəkləyir və yanımızdadır. Biz fəxr edirik ki, yanımızda güclü, etibarlı, sabit enerji resurslarına malik qardaş dövlət var".

O qeyd edib ki, hər iki ölkə son 10 ildə böyük inkişaf yolu keçib və ən vacibi odur ki, bu inkişaf Türkiyə və Azərbaycanda iqtisadi və siyasi baxımdan sabit olsun.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti