Azərbaycan, Bakı, 9 oktyabr / Trend, müxbir S.Əhmədova /
Azərbaycanın regionlarında keçirilən prezident seçkilərində də seçki fəallığı yüksək olub.
Bunu Trend-ə belçikalı müşahidəçilər, seçkilərin müşahidəsi üzrə Avropa Akademiyasının müşahidə missiyasının üzvləri Andre Francois Pierre Hoebrechts və Belçika Parlamentinin deputatı, David Girts bildirib.
Belçikalı deputatlar Xaçmaz rayon 56 saylı seçki məntəqəsində seçki prosesini müşahidə ediblər.
Beynəlxalq müşahidəçilərin sözlərinə görə, sözügedən seçki məntəqəsində günün birinci yarısında artıq seçicilərin 50 faizindən çoxu səs verib və günün ikinci yarısında bu göstərici 80 faizdən yuxarı təşkil edib.
Müşahidəçilər bildiriblər: "Azərbaycanda keçirilən prezident seçkilərində indiyədək heç bir qanun pozuntusu müşahidə etməmişik. Hər kəs seçki məntəqəsinə gələrək sərbəst şəkildə səs verib."
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.
Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.