...

Azərbaycanda seçicilərin təxminən 70 faizə yaxını səsvermədə iştirak edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakı vaxtı ilə saat 17:00-a Azərbaycan Prezidenti seçkilərində 3 439 629 seçici səs verib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 66,84 faizidir.

Ən yüksək seçici aktivliyi 77 faizlə 14 saylı Xəzər seçki dairəsində, ən passivi isə 51,6 faizlə 17 saylı Yasamal üçüncü seçki dairəsində olub.

Xarici ölkələrdəki səfirlik və nümayəndəliklərdə fəaliyyət göstərən 38 seçki məntəqəsindən 31-dən artıq məlumat daxil olub.

MSK İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov deyib ki, gün ərzində qurumun "qaynar xətt"inə 124 müraciət daxil olub, onlardan 2-si şikayət xarakterlidir: "Şikayət edənlər qeydiyyatda olmadıqları ərazidə səs vermək niyyətində olanlardır. Onların yaşadığı ərazi seçki məntəqəsinin hüdudlarına düşmədiyi üçün Seçki Məcəlləsinə müvafiq olaraq səs verə bilməzlər".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti