...

İran Azərbaycanla bəzi sərhəd-keçid məntəqələrini bağlayıb (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 8 Noyabr 2013 13:11 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi Trend-ə bildirib ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini bağlayıb.
İran Azərbaycanla bəzi sərhəd-keçid məntəqələrini bağlayıb (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Azərbaycanla bəzi sərhəd-keçid məntəqələrini bağlayıb.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi Trend-ə bildirib ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini bağlayıb.

Bu addım Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atılıb.

Səfirliyin mətbuat katibi bildirib ki, Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasına və bu sərhədin açılması üçün iki gün ərzində edilən cəhdlərin nəticəsiz qaldığına cavab olaraq dünəndən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb.

Seyid Məhəmməd Ayətullahi deyib ki, Azərbaycan noyabrın 6-dan Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açılması faktına görə sərhəd-keçid məntəqəsini bağlayıb ki, bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb. Qeyd edək ki, insident zamanı insan tələfatı olmayıb.

Səfirlik nümayəndəsi əlavə edib ki, beynəlxalq qanun və normalara əsasən, adətən sərhəd məntəqələrində belə hadisələr baş verdikdə, iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda heç vaxt sərhəd bağlanmır: "Lakin İran tərəfininin istəyinə rəğmən Azərbaycan tərəfi müzakirələrdən boyun qaçırıb və Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb".

İran səfirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, iki gündən sonra Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq və onları bu əməlindən daşındırmaq məqsədilə Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, hər iki nəzarət-buraxılış məntəqəsi İran tərəfindən bağlanıb, Azərbaycan ərazisində isə açıqdır. Sərhədyanı məntəqələrin bağlanması ilə əlaqədar Astara sərhəd-keçid məntəqəsində insanların sıxlığı müşahidə edilir.

Qeyd edək ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb.

Məlumata görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti