Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Fransanın Türkiyədəki atom elektrik stansiyasına (AES) yatıracağı investisiyalar ölkənin qondarma "erməni soyqırımı" üzrə mövqeyinə təsir edəcək. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.
Nazirin sözlərinə görə, Fransa hakimiyyəti yaxşı başa düşür ki, "erməni soyqırımı" məsələsi Türkiyə üçün "keçilməz həddir".
T.Yıldız qeyd edib ki, Türkiyə Fransanın siyasi və iqtisadi maraqlarının üst-üstə düşəcəyinə ümid edir.
Qeyd edək ki, Türkiyənin Sinop rayonunda ikinci AES-in tikintisi 20-22 milyard dollara başa gələcək. AES-i Yaponiyanın "Mitsibushi" şirkəti Fransanın GDF şirkəti ilə konsorsium şəklində inşa edəcək.