...

"Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi üçün bir milyon manat ayrılıb

Siyasət Materials 28 Dekabr 2013 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb.
"Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi üçün bir milyon manat ayrılıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Dədə Qorqud" dastanlarının azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq, "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində "Kitabi-Dədə Qorqud" özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət "Kitabi-Dədə Qorqud" ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir.

2015-ci ildə "Kitabi-Dədə Qorqud"un dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən boyların süjet və motivləri əsasında ədəbi əsərlər yazılmış, təsviri sənət nümunələri meydana gətirilmişdir. 1975-ci ildə "Dədə Qorqud" boylarına həsr olunan iki seriyalı bədii film çəkilmiş, 2000-ci ildə isə abidənin 1300 illik yubileyi UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti