...

Prezident İlham Əliyev və xanımı Qız Qalasında aparılan konservasiya işləri ilə tanış olublar (FOTO)

Siyasət Materials 30 Dekabr 2013 15:54 (UTC +04:00)
Paytaxt Bakının qədim tarixi rəmzlərindən biri, milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız qalasında konservasiya və yeni muzey ekspozisiyasının yaradılması işləri başa çatmışdır.
Prezident İlham Əliyev və xanımı Qız Qalasında aparılan konservasiya işləri ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Paytaxt Bakının qədim tarixi rəmzlərindən biri, milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız qalasında konservasiya və yeni muzey ekspozisiyasının yaradılması işləri başa çatmışdır.

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qız qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olmuşlar.

Son illər tarixi abidələrimizin qorunub saxlanması və bərpası məqsədilə dövlət səviyyəsində silsilə kompleks tədbirlər həyata keçirilir. Qədim İçərişəhərdə yerləşən abidələrin konservasiyası və bərpası istiqamətində görülən işlər də bu tədbirlərin tərkib hissəsidir. Maddi mədəniyyət nümunələrinin mühafizəsinə və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu Azərbaycanın tarixi memarlıq ənənələrini və irsini dolğun şəkildə əks etdirən İçərişəhərdə aparılan təmir və bərpa işlərinə də dəstəyini əsirgəmir.

Əsrlər bir-birini əvəzlədikcə Qız qalası təbii proseslərin təsiri nəticəsində zədələnərək ciddi təhlükə ilə üz-üzə qalsa da, bu möhtəşəm abidə tarixin bütün sınaqlarına sinə gərərək ümumilikdə öz ilkin görkəmini və struktur quruluşunu qoruyub saxlaya bilmişdir. Ötən əsrin 60-cı illərində aparılan bərpa işlərindən sonra bu abidə muzey kimi fəaliyyət göstərmişdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılmışdır. Konservasiya işləri Avstriyanın məşhur bərpaçı eksperti, dünyanın müxtəlif yerlərində 400-dən çox abidəni, o cümlədən İçərişəhərdəki Məhəmməd məscidini bərpa edən Erix Pummerin rəhbərliyi altında xarici və yerli mütəxəssislərə həvalə edilmişdir. Həmin layihə çərçivəsində həyata keçirilən konservasiya tədbirlərində başlıca məqsəd tikilinin zahiri görünüşünə xələl gətirmədən təbii dağılma prosesinin və insan amilinin abidəyə əsrlər boyunca vurduğu ziyanın aradan qaldırılması idi. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması zamanı müasir texnologiyalardan geniş istifadə edilmişdir. Burada aparılan işlər nəticəsində Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilmiş, bu bənzərsiz abidə yenidən istifadəyə verilmişdir.

Dövlətimizin başçısı və xanımı Qız qalasında mövcud olmuş xarakterik zədələri, abidənin müqayisəli görüntülərini, köçəri quşların (uzunqanadlıların) alternativ yuvalarla təmin edilməsi ilə bağlı görülmüş işləri əks etdirən stendə baxdılar.

"İşərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Qız qalasında həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi.

Qeyd olundu ki, 2013-cü ilin oktyabrında Qız qalasının həm fasadında, həm də daxilində bərpa və konservasiya işləri uğurla yekunlaşdırılmışdır. Bununla yanaşı, qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılmışdır. Konservasiya prosesi dövründə abidənin tarixinin və təyinatının öyrənilməsində mühüm rol oynaya biləcək elmi tədqiqatlar da aparılmışdır. Milli mənəvi dəyərlərimizin, maddi mədəniyyət abidələrimizin qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı yaxından dəstəyini, o cümlədən ekoloji məsələlərin həllinə hərtərəfli köməyini əsirgəməmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva görülən işlərlə yaxından tanış oldular. Bildirildi ki, yeni muzey ekspozisiyası təcrübəli mütəxəssislərin köməyi ilə yaradılmışdır. Qaladakı pilləkən yenisi ilə əvəz edilmişdir. Qız qalasının mərtəbələrində xüsusi monitorlarda bu abidənin tarixi, daxili strukturu, tikintisində məqsəd, təyinatı və sair məsələlərlə bağlı fərziyyələr, əfsanələr və digər maraqlı faktlar əks olunmuşdur. Ekspozisiyadakı stenddə qədim sənətkarlıq məmulatları barədə məlumat verilir. Hər bir mərtəbədə ekspozisiyaya uyğun işıqlandırma sistemi quraşdırılmışdır. Burada Qız qalasının müdafiə, istehkam, dini, rəsədxana və digər təyinatı barədə fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq mümkündür. Monitorlarda Qız qalasının təyinatı barədə film nümayiş etdirilir.

Ekspozisiyada Qız qalasının özünəməxsus və bənzərsiz memarlığı geniş əksini tapmışdır. Burada orijinal maket qurulmuşdur. Maketin üzərindəki monitorda qalanın daxili strukturu barədə müfəssəl məlumat yerləşdirilmişdir. Qalada aparılan bərpa işlərindən sonra hər bir mərtəbədə ən müasir təhlükəsizlik, yanğından mühafizə sistemləri və digər müvafiq sistemlər quraşdırılmışdır.

Qız qalası hazırda dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakının əsas rəmzlərindən biridir. Bu reallıq muzey ekspozisiyasının "Bakının qəlbi" bölməsində geniş əksini tapmışdır. Köhnə Bakını əks etdirən monitorda şəhərin iqtisadi, gündəlik həyatı, dini və şəhərsalma mövzularına geniş yer verilmişdir.

Burada Qız qalası haqqında əfsanələrlə də tanış olmaq mümkündür. Ekspozisiyanın növbəti bölməsində Qız qalasının müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Buradakı stenddə qədim silah nümunələri nümayiş olunur. Monitorlarda İçərişəhərin hərbi tarixi və burada baş verən döyüşlər əksini tapmışdır. Qalada uşaqların böyük marağına səbəb olacaq "İçərişəhərin müdafiəsi" adlı interaktiv oyun da təqdim edilir.

"Qədim məbəd" bölməsindəki heliodispley də orijinallığı ilə diqqəti cəlb edir.

Ekspozisiyada Qız qalasının qədim rəsədxana rolunu oynaması fərziyyəsinə də geniş yer ayrılmışdır. Bəzi fikirlərə əsasən, Qız qalası əsas etibarilə Günəşin illik dövriyyəsini izləmək və bu prosesin önəmli məqamlarını öyrənmək məqsədilə ucaldılmışdır.

Qız qalasının ən üst qatına çıxış insanların rahatlığını və təhlükəsizliyini təmin etmək şərti ilə yenidən qurulmuşdur. Burada damın ortasında quraşdırılan stendin üzərində müxtəlif obyektlərin təsvirləri təqdim olunur.

Ümumilikdə, bu maddi mədəniyyət abidəsində həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası zəngin təəssürat və xoş ovqat yaradır, insanı Qız qalasının doğurduğu heyranlığın mahiyyətinə daha dərindən varmağa yönəldir.

Sonda dövlətimizin başçısı və xanımı xatirə şəkli çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti