...

Nizami Cəfərov: 20 Yanvar bizim müstəqil yaşamaq və mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını göstərdi

Siyasət Materials 20 Yanvar 2014 10:26 (UTC +04:00)
20 Yanvar hadisəsi Azərbaycan xalqının milli azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi.
Nizami Cəfərov: 20 Yanvar bizim müstəqil yaşamaq və mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını göstərdi

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.Mehdiyev/

20 Yanvar hadisəsi Azərbaycan xalqının milli azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Bu barədə Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov vurğulayıb ki, eyni zamanda, 20 Yanvar bizim müstəqil yaşamaq və mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını göstərdi: "20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş Vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər".

Onun sözlərinə görə, 20 Yanvar faciəsi respublikada milli azadlıq hərəkatına və demokratik proseslərə təsir göstərsə də, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi: "Əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu. Baş verən hadisələr, milli münaqişələr Sovet imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu".

Millət vəkili qeyd edib ki, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır: "Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir".

N.Cəfərov bildirib ki, 20 Yanvar o zaman Azərbaycana rəhbərlik edənlərin gücsüzlüyünü nümayiş etdirdi, eləcə də xalq hərəkatına başçılıq edənlərin hərəkatı idarə etmək iqtidarında olmadığını göstərdi: "Bir sözlə, bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. Eyni zamanda, bu mübarizəyə rəhbərlik edərək onu istiqamətləndirən lider yox idi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti