...

Prezident İlham Əliyev: Azərbaycan regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görür (FOTO)

Siyasət Materials 23 Yanvar 2014 22:11 (UTC +04:00)
Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya – yeni sərhədlər” mövzusunda sessiya keçirilmişdir.
Prezident İlham Əliyev: Azərbaycan regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görür (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Avrasiya - yeni sərhədlər" mövzusunda sessiya keçirilmişdir.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.

Bu sessiyanın əsas məqsədinin regionla bağlı yeni məlumatlar əldə etməkdən ibarət olduğunu diqqətə çatdıran aparıcı tədbirə qatılanların əksəriyyətinin ötən ilin aprel ayında Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiyini bildirdi və Cənubi Qafqazı maraq doğuran region adlandırdı. O, Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı fikirlərini öyrənmək istədiyini bildirdi.

Sessiyada çıxış edən Prezident İlham Əliyev dedi: "Azərbaycana gəldikdə, biz regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görürük. Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi".

Dövlət başçısı qeyd edib ki, layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar: "Burada biz görürük ki, bütün iştirakçı dövlətlər layihədən faydalanırlar. Onlar yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə edirlər. Əslində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Biz bu işləri daha da sürətləndirməyə müvəffəq olmuşuq və hazırda nəqliyyat infrastrukturu üzərində çalışırıq.

Təbii ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq da artmaqdadır. Bu ölkələrdə ümumi daxili məhsulun artımı böyükdür və bu göstərici dünya üzrə orta göstəricilərdən daha çoxdur, həmçinin artım potensialı da böyükdür. Düşünürəm ki, 22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək uçun siyasi iradə mövcuddur".

İlham Əliyev bildirib ki, bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi potensialdan qaynarlanan sosial proqramlar həyata keçirir. Ancaq regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes və sərmayə mühitinin yaradılmasını təşviq edir:

"Biz regionumuzda, həmçinin Mərkəzi Asiyada cərəyan edən hadisələri yaxından izləyirik. Xalqlarımız arasındakı ənənəvi dostluq əlaqələri regional əməkdaşlıq formatının yaradılmasına xidmət edir. Azərbaycana gəldikdə biz bu məsələlər üzrə bundan sonra da fəal işləməyə davam edəcəyik və gələcəkdə yeni əməkdaşlıq sahələrinin müəyyən olunması üçün bütün zəruri tədbirləri görəcəyik".

Sonra Prezident İlham Əliyev sualı cavablandırıb.

Aparıcının "bu əməkdaşlığın yeni təşəbbüslərin yaranmasına və artıq həyata keçirilən işlərə töhfə verdiyini nəzərə alsaq, Azərbaycan üçün hansı prioritetləri müəyyən etmisiniz" sualına cavabında Prezident İlham Əliyev deyib: "Hazırda əsas prioritet nəhəng enerji layihələrinin icrasıdır. Mən ötən ay icrasına başladığımız "Şahdəniz-2" layihəsini nəzərdə tuturam. Layihəyə əsasən iki qaz boru kəməri inşa ediləcəkdir - biri Türkiyə ərazisindən, digəri isə Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya istiqamətlənəcəkdir. Biri Trans-Anadolu, digəri isə Trans-Adriatik kəməri adlanır. Bu iki layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaqdır".

Dövlət başçısı qeyd edib ki, bununla da regional əməkdaşlıq baxımından qarşımızda duran ən böyük çağırışlardan biri bu layihənin olduqca qısa zamanda, yəni 5 il ərzində başa çatdırılmasıdır. Cənubi Qafqazın iki ölkəsi - Gürcüstan və Azərbaycan bu istiqamətdə fəal şəkildə çalışır. Gələcəkdə isə Mərkəzi Asiya dövlətləri inşa olunacaq infrastruktura qoşula bilərlər, çünki bu, enerji təchizatının şaxələndirilməsi üçün əlavə imkan deməkdir.

Prezident bildirib ki, daha bir vacib layihə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsidir. Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni "İpək yolu" hesab olunur. İnşaat işləri davam etməkdədir: "Ümid edirəm ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcəkdir. Yəni, bu, həm nəqliyyat, həm enerji əlaqəsidir, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu deməkdir. Xüsusilə, əlavə maddi resurslara malik olan ölkələr yeni sərmayə imkanları axtarırlar və düşünürəm ki, bu gün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya sərmayə qoyuluşu baxımından əlverişli məkanlardır. Çünki burada inkişaf edən bazarlar mövcuddur, sürətli əhali artımı və dinamik iqtisadi inkişaf potensialı vardır. Beləliklə, nəqliyyat, enerji və ticarətlə bağlı yeni ideyalar bu il ərzində aparıcı istiqamətlər ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti