Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir T.Cəfərov/
İsveç Krallığının xarici işlər naziri Karl Bildt Tehrana rəsmi səfər edəcək. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "facebook" səhifəsində yazıb.
M.C.Zərif həftənin sonunda Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edəcəyini deyib: "Münhen səfərindən qayıtdıqdan sonra İsveçin və Meksikanın xarici işlər nazirləri Tehranda mənim qonağım olacaqlar".
O, əlavə edib ki, həmçinin BMT-nin sabiq baş katibi Kofi Annanın başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edəcək.
Qeyd edək ki, bu həftə ərzində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da Tehrana səfəri gözlənilir.