Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/
Ukraynada baş verən hadisələr ölkənin daxili işidir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə deyib.
Əli Əhmədov bildirib: "Təbii ki, Azərbaycan hökumətinin, xüsusilə ölkə başçısının həyata keçirdiyi siyasət Azərbaycana dost qazandırmaq məqsədi güdür. Ölkəmizin çoxlu sayda dostları mövcuddur. Ukrayna da Azərbaycanın dostlarından biridir. Biz istərdik ki, Ukraynada tezliklə siyasi sabitlik, əmin-amanlıq bərpa olunsun. Əlbəttə ki, orada baş verən hadisələr Ukraynanın daxili işidir".
Baş nazirin müavini qeyd edib ki, Ukrayna xalqı özü üçün inkişaf yolunu seçmək səlahiyyətlərinə malikdir: "Biz bu hüquqa və səlahiyyətlərə hörmətlə yanaşırıq. Biz dost ölkə olaraq Ukraynadan gözləntimiz ondan ibarətdir ki, bütün bu narahatlıqlar, qeyri-sabitlik aradan qaldırılsın və orada siyasi sabitlik bərpa olunsun".