...

Aİ-nin Bakı nümayəndəliyində Şərq Tərəfdaşlığı üzrə Ərazi Əməkdaşlıq Proqramının təqdimatı keçirilib

Siyasət Materials 11 Fevral 2014 12:57 (UTC +04:00)
Bu gün Avropa İttifaqının Bakı Nümayəndəliyində Şərq Tərəfdaşlığı üzrə Ərazi Əməkdaşlıq Proqramının təqdimatı keçirilib.
Aİ-nin Bakı nümayəndəliyində Şərq Tərəfdaşlığı üzrə Ərazi Əməkdaşlıq Proqramının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir S.Əhmədova/

Bu gün Avropa İttifaqının Bakı Nümayəndəliyində Şərq Tərəfdaşlığı üzrə Ərazi Əməkdaşlıq Proqramının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan və Gürcüstan arasında sərhəd əməkdaşlığını təşviq edən bu proqramın təqdimatı mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Avropa İttifaqının transsərhəd əməkdaşlığı sahəsində çox böyük təcrübəsi var: "Bu əməkdaşlıq çox mühüm məsələlərdən biridir. Transsərhəd əməkdaşlığın gündəliyinə iqtisadi, qlobal, ətraf mühit məsələləri daxildir. Hesab edirik ki, Azərbaycan və Gürcüstan arasında da bu sahədə çox böyük əməkdaşlıq olacaq".

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib: "Biz hesab edirik ki, turizm sahəsi bu proqram çərçivəsində daha yaxşı inkişaf etdiriləcəkdir. Çünki həm Azərbaycan, həm də Gürcüstan bu sahədə böyük ambisiyalara malikdirlər".

M. Mard qeyd edib ki, bu proqram çərçivəsində təkliflərin yaya kimi elan edilməsi nəzərdə tutulub və ondan sonra isə qrantlar veriləcək.

Şərq Tərəfdaşlığı üzrə Ərazi Əməkdaşlıq Proqramının ümumi büdcəsi 12,5 milyon avro təşkil edir. 1,35 milyon avro Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı üçün ayrılıb.

Bu proqram əsasən Azərbaycanın Gəncə-Qazax və Şəki-Zaqatala rayonlarını və Gürcüstanın Kvemo-Kartli və Kaxeti regionlarını əhatə edir.

Proqram çərçivəsində hər iki ölkədən olan azı iki tərəfdaş - Azərbaycan və Gürcüstandan olan təşkilat tərəfindən irəli sürülən layihələrə dəstək verilə bilər. Benefisiarlar yerli və regional hakimiyyət orqanları və qeyri-dövlət təşkilatları ola bilər.

Ərazi əməkdaşlığının məqsədi ümumi sosial və iqtisadi inkişaf problemlərinin birgə həllərinə nail olmağa kömək üçün yerli hakimiyyət orqanları, icmalar və vətəndaş cəmiyyəti təşkilatları arasında transsərhəd əlaqələrinin möhkəmləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti