...

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə islahatlarla bağlı mühüm sənədi XİN-ə təqdim edib

Siyasət Materials 27 Fevral 2014 10:10 (UTC +04:00)
Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvələrində islahatların aparılması ilə bağlı çoxdandır hazırlanması gözlənilən mühüm sənədi Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.
Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə islahatlarla bağlı mühüm sənədi XİN-ə təqdim edib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvələrində islahatların aparılması ilə bağlı çoxdandır hazırlanması gözlənilən mühüm sənədi Xarici İşlər Nazirliyinə (XİN) təqdim edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-in eksklüziv sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyi tərəfindən hazırlanan Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi artıq Xarici İşlər Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, beynəlxalq təcrübəyə görə, Strateji Müdafiə İcmalı ölkənin Silahlı Qüvvələrinin mövcud şəxsi heyətinin sayı, ştat-struktur vəziyyəti, silah və hərbi texnika, qanunvericilik və s. məsələləri, eləcə də gələcəyə baxış, necə bir ordu qurmaq istənildiyi, şəxsi heyətin sayının, həmçinin müqaviləlilərin nə qədər olacağı, hansı silah və hərbi texnikanın olacağı və s. məsələləri əhatə edir. Yekun İcra Sənədi isə nəzərdə tutulan islahatların yerinə yetirilməsi planıdır. Sənəddə 3 səviyyədə - qısa, orta və uzunmüddətli perspektivdə həyata keçiriləcək işlər qeyd olunmalıdır. Eyni zamanda, bu islahatları və dəyişiklikləri həyata keçirmək üçün lazım olan siyasi, iqtisadi və hərbi mexanizmlər göstərilməlidir.

Xarici İşlər Nazirliyi (XİN) isə respublikanın təhlükəsizliyinin təmin olunması istiqamətində vacib strukturlardan biridir. Burada söhbət daha çox xarici təhlükəsizlik məsələlərindən gedir. Eyni zamanda, Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda həyata keçirilən islahatlarla bağlı aparılan danışıqları həyata keçirən əsas qurum məhz XİN-dir. FTƏP və s. sənədlər, eyni zamanda, Azərbaycanla NATO arasında əməkdaşlıq prosesləri məhz XİN vasitəsilə həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən həmçinin bildirilib ki, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP) proqramları çərçivəsində NATO-nun Beynəlxalq Qərargahı ilə Bakıda və Brüsseldə 28+1 formatında Tərəfdaşlıq Məqsədlərinin və tədbirlərin yerinə yetirilməsinin analizi üzrə görüşlər keçirilir.

PAP çərçivəsində Azərbaycan Respublikasının qəbul etdiyi 42 Tərəfdaşlıq Məqsədlərindən 28-i (ümumi-18, Quru Qoşunları-5, Hərbi Dəniz Qüvvələri-1 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir. Hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilib, uzunmüddətli digər Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi üzrə isə müvafiq işlər davam etdirilir.

Müdafiə Nazirliyi FTƏP-in 2005-2007-ci illəri əhatə edən 1-ci mərhələsini, bu planın 2008-2009-cu illəri əhatə etdiyi 2-ci mərhələsini, 2012-2013-cü illəri əhatə edən 3-cü mərhələsini müvəffəqiyyətlə yerinə yetirib.

FTƏP öhdəliklərinə uyğun olaraq, 2010-cu ildə Hərbi Doktrina və 2013-cü ildə Dəniz Təhlükəsizliyi Strategiyası qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti