...

Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının tarixinə və inkişaf dövrünə qiymət verdi

Siyasət Materials 8 Aprel 2014 23:14 (UTC +04:00)
90 il bundan əvvəl - 1924-cü il fevralın 9-da Azərbaycanın dövlətçilik tarixində mühüm tarixi hadisə baş verdi: Naxçıvan Muxtar Respublikası təşkil edildi.
Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının tarixinə və inkişaf dövrünə qiymət verdi

Azərbaycan, Bakı, 8 aprel /Trend/

90 il bundan əvvəl - 1924-cü il fevralın 9-da Azərbaycanın dövlətçilik tarixində mühüm tarixi hadisə baş verdi: Naxçıvan Muxtar Respublikası təşkil edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən bu gün Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edirik.

Muxtariyyət bayramının yüksək dövlət səviyyəsində qeyd olunması barədə verdiyiniz Sərəncama və dövlət xadimi kimi bu yubileyi bizimlə birlikdə qeyd etdiyinizə görə Sizə Naxçıvan Muxtar Respublikasının bütün əhalisi adından dərin minnətdarlığımızı bildiririk. Trend-in məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprelin 8-də Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Azərbaycan Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 14 yanvar tarixli Sərəncamında qeyd olunur ki, "Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu, mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, ... ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır".

Sərəncamda vurğulanır ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki:

"Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir".

V.Talıbov qeyd edib ki, Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmayıb: "Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtariyyət verilib. Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub.

Naxçıvanın muxtariyyəti tarixi zərurət idi. 1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: "İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar".

Onun sözlərinə görə, Naxçıvanlıların qanuni hüququ öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi: "Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaranandan sonra naxçıvanlılar dəfələrlə Azərbaycana birləşmək iradəsini ortaya qoysalar da, mövcud siyasi və beynəlxalq vəziyyət bu istəyin həyata keçməsinə imkan verməmişdi. Naxçıvan Milli Şurasının Xalq Cümhuriyyəti hökumətinə məktublarında deyilirdi: "Biz ermənilərə tabe olmuruq. Tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycana birləşməsini gözləyirik".

Başqa bir məktubda isə deyilirdi: "Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz".

Göründüyü kimi, Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması bütün dövrlərdə regionda aparıcı siyasi xətt kimi qalmış, əhali tərəfindən dəstəklənmişdir.

Yaranmış şəraitdə ermənilər tərəfindən torpaqların işğalının qarşısının alınması və Azərbaycandan ayrı düşmüş regionda vahid idarəçiliyin həyata keçirilməsi üçün Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi qabaqcıl ictimai düşüncəni məşğul edən əsas məsələ idi. O vaxt bu istiqamətdə mübarizə iki cəbhədə gedirdi.

Birincisi ermənilərə qarşı silahlı mübarizə cəbhəsi idi ki, döyüş qabiliyyəti və əlində silahı olan naxçıvanlılar bu cəbhədə birləşmişdilər. Məşhur Naxçıvan xanlarının nəslindən olan Cəfərqulu xan, Kalbalı xan və Rəhim xan yerli silahlı dəstələrə ümumi komandanlığı həyata keçirirdilər. Şərur taborunun komandanı Fətulla Hüseynov, Sədərək taborunun komandanı Həsən Şahverdi oğlu, Nehrəm taborunun komandanı Kəlbə Muxtar, Cəhri taborunun komandanı Kəlbə Kərim erməniləri geri oturda bilmiş, Vətənə xidmət nümunəsi göstərmişdilər".

V.Talıbovun sözlərinə görə, Naxçıvan ziyalıları yaxşı başa düşürdülər ki, mübarizə aparmadan muxtariyyət qazanmaq mümkün deyil: "Odur ki, əlində qələm tutanlar da siyasi mübarizə cəbhəsində vuruşurdular.

Onlardan yazıçı-publisist Əli Səbri Qasımovun və Naxçıvanın ləyaqətli oğlu Behbud ağa Şahtaxtinskinin adını xüsusi qeyd etmək istəyirik.

Behbud ağa Şahtaxtinski Sovet Azərbaycanı hökumətinin ədliyyə naziri olmasına baxmayaraq, Naxçıvanın Ermənistana verilməsi barədə bəyanata etiraz əlaməti olaraq Naxçıvana gəlmiş, yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını almışdı. Sovetlər birliyinin rəhbəri Vladimir Leninə yazdığı xüsusi məktubda o qeyd edirdi: "Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir... Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur".

Beləliklə, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və beynəlxalq Qars müqavilələri imzalandı. Bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası təşkil olundu.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: "Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada saIınmalı və tariximizə daxil olmalıdırlar".

Ümummilli Liderimiz Naxçıvanın muxtariyyətinin bütün dövrlərdə düşmən həmlələrindən qorunacağını bəyan edərək demişdir:

"Naxçıvan muxtar respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur. Onu heç kəs dəyişdirə bilməz".

Bu təntənəli gündə Naxçıvanın və onun muxtariyyətinin böyük hamisi, müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu şad olsun, deyirik".

V.Talıbov bildirib ki, Naxçıvanın muxtariyyət statusu ötən 90 il ərzində burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına şərait yaratmışdır. Bu inkişafı şərti olaraq 5 mərhələyə bölmək olar: 1924-1969-cu, 1969-1987-ci, 1987-1993-cü, 1993-2003-cü illər və 2003-cü ildən sonrakı dövr.

Onun sözlərinə görə, Naxçıvanın muxtariyyət tarixinin 1924-1969-cu illəri əhatə edən dövrü olduqca ağır siyasi, sosial-iqtisadi və mədəni problemlər dövrüdür: "Bu dövrün müxtəsər siyasi xarakteristikasını verən Ümummilli Liderimiz demişdir ki, bizim xalqımız iyirminci əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına gələn bəlalar, bəlkə, Azərbaycanın başqa bölgələrindən daha dəhşətli, faciəli olubdur... Naxçıvanın hüquqlarını tam məhdudlaşdırmaq istəyiblər.

Naxçıvanın hüquqlarını məhdudlaşdırmaq istəyənlər Azərbaycanın bu qədim torpağında inkişafa mane olmaq məqsədi güdürdülər. 1925-ci ilin martında guya Naxçıvanın hakimiyyət strukturlarındakı "xan-bəy elementləri"nin fəaliyyətini araşdırmaq üçün Naxçıvana xüsusi komissiya göndərilmiş, bir gecədə 50 rəhbər işçi həbs olunmuş, onlardan 48-i repressiyaya məruz qalmışdı. Bunlar o adamlar idilər ki, Naxçıvanın ermənilərdən müdafiəsində xüsusi fəallıq göstərmişdilər.

Naxçıvanın iqtisadiyyatına da ağır zərbələr vurulmuşdu. Keçmiş Sovetlər Birliyinin Dövlət Plan Komitəsində işləyən ermənilər Naxçıvanın duz yataqlarından hasilatın guya baha başa gəldiyini "əsaslandıra bilmişdilər". Nəticədə duz istehsalı kəskin azalmış, Azərbaycan öz kimya sənayesini inkişaf etdirmək üçün başqa yerlərdən baha qiymətə duz gətirməyə məcbur olmuşdur.

Naxçıvanın muxtariyyət tarixinin 1969-1987-ci illəri əhatə edən ikinci dövrü dirçəliş dövrüdür. Bu dövrdə böyük dövlət xadimi möhtərəm Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşmuşdur.

1969-1987-ci illərdə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilmişdir.

Naxçıvanın sənayeləşdirilməsinin əsası qoyulmuş, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Naxçıvan böyük tikinti meydançasına çevrilmiş, 45 min nəfər əhalinin yaşadığı yeni massivlər salınmış, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastruktur sahələri yenilənmiş, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilmiş, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldılmışdı. Artıq 1985-ci ildə Azərbaycanda istehsal olunan daş duzun, üzlük travertinin və şüşə qablar istehsalının hamısı, mineral suların və alt trikotaj məmulatlarının əsas hissəsi, konservlərin və ipək xammalının isə 23 faizdən çoxu Naxçıvanın payına düşürdü.

Bu dövrdə süni göllərin və dəryaçaların yaradılması da Naxçıvanın xilasına hesablanmış əhəmiyyətli addımlar idi. Ulu Öndərimizin səyi nəticəsində 1970-1980-ci illərdə 4 böyük su anbarı, 10-a yaxın sututar tikilib istifadəyə verilmişdir. Bu hesaba əkin dövriyyəsinə daxil edilən torpaqlar xeyli artırılmış, kənd təsərrüfatı dinamik inkişaf yoluna çıxarılmışdı.

Şuşa-Laçın-Biçənək-Naxçıvan təbii qaz xətti, Yevlax-Şuşa-Naxçıvan radio-rele xətləri çəkilmiş, yeni rabitə evləri tikilmiş, hər 3 ailədən biri telefonla təmin olunmuşdu. Energetika və nəqliyyat sahələri də inkişaf etdirilmiş, Araz çayı üzərində 22 meqavat gücə malik su elektrik stansiyası yaradılmış, bütün rayon mərkəzlərində və Naxçıvan şəhərində avtovağzallar, 1976-cı ildə isə Naxçıvan Hava Limanı tikilib istifadəyə verilmişdi. Naxçıvanda "Təbriz" mehmanxanasının tikilməsi və Babək rayonunun yaradılması Ümummilli Liderimizin hələ Sovetlər Birliyinin mövcud olduğu dövrdə daim azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində taleyüklü tədbirlər görməsinin konkret ifadəsi idi".

V.Talıbovun sözlərinə görə, Naxçıvanın muxtariyyət tarixinin ikinci mərhələsində görülən tədbirlərin nəticəsidir ki, 1980-ci ilin sonuna yaxın ümumi məhsul istehsalı muxtar respublikanın təşkil edildiyi 1924-cü ilə nisbətən 180 dəfə artmışdı. Təkcə 1980-ci ilin 2 günündə 1924-cü il ərzində istehsal olunan qədər məhsul istehsal edilirdi.

1987-1993-cü illərdə ölkəmizi Heydər Əliyev yolundan döndərməyə uğursuz cəhdlər göstərildi. Nəticəsi də o oldu ki, Azərbaycan ağır vəziyyətlə üzləşdi. 20 Yanvar faciəsi baş verdi, Dağlıq Qarabağ və ətraf rayonlar işğal olundu. Ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşdü.

Separatçı hərəkatlar baş qaldırdı. Azərbaycan fəlakətin bir addımlığında idi. O, siyasi xəritədən silinə bilərdi.

Eyni aqibət Naxçıvan Muxtar Respublikasını da gözləyirdi. Bu dövrün Naxçıvanı təklənmiş, taleyin ümidinə buraxılmış adanı xatırladırdı.

Ermənistan tərəfindən təkcə iqtisadi blokadaya yox, həm də informasiya blokadasına salınmış Naxçıvan beynəlxalq aləmdən təcrid edilmişdi.

1990-cı ilin iyul ayında xalqımızın böyük oğlunun Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan - ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.

Ümummilli Liderimiz 1990-1993-cü illərdə burada baş verən prosesləri xatırlayaraq deyirdi: "1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim həyatımda xüsusi yer tutur. O illər biz Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, böyük faciələrdən xilas etdik. O dövr böyük sınaq dövrü oldu. İnsanların öz torpağına, Vətəninə sədaqətinin sınaqdan keçməsi dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq".

Aydın məsələdir ki, Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi - böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi.

Həmin dövrdə Heydər Əliyev quruculuq xəttini davam etdirən Naxçıvan Azərbaycanın digər əraziləri üçün bir nümunə gücündə idi.

Təsadüfi deyil ki, dövlət müstəqilliyini itirmək təhlükəsi yarandıqda bütün Azərbaycan xalqı "Heydər Əliyev hakimiyyətə gəlməlidir" tələbi ilə ayağa qalxdı".

V.Talıbov vurğulayıb ki, 1993-cü ildə böyük dövlət xadiminin ikinci dəfə ali hakimiyyətə qayıdışı bir tərəfdən böyük şəxsiyyətlərin tarixdə oynadıqları rolun daha bir ifadəsi idisə, digər tərəfdən xalqla milli liderin qırılmaz tellərlə bağlılığının nümunəsi idi: "On ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülk deyirdi: "Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər".

Bu fikirlərdə əks olunan lider və xalq bağlılığının klassik ifadəsi bir daha öz təsdiqini 1993-cü ildən sonrakı Azərbaycan siyasi və iqtisadi mühitində tapdı. Tarixə qurucu rəhbər kimi daxil olan Ümummilli Liderimizin hakimiyyətdə olduğu illərdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası da sabitliyə və tərəqqiyə qovuşmuş, davamlı inkişaf və əmin-amanlıq yoluna çıxmışdır. 1993-2003-cü illər ərzində muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artmışdı.

Ulu Öndərimizin Azərbaycan Prezidenti kimi siyasi hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında 96 təhsil müəssisəsi, 38 səhiyyə, 94 mədəniyyət obyekti, 73 inzibati bina tikilmiş və ya yenidən qurulmuşdur. Bu dövrdə əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş əhali üçün 47 fərdi ev tikilmiş, 66 körpü, 74 nasos stansiyası, 386 digər infrastruktur obyektləri istifadəyə verilmişdir.

Zaman keçdikcə bu nailiyyətlər daha da artır və artacaqdır. Çünki Ümummilli Liderimizin yolunu layiqli davamçısı, müstəqil Azərbaycanın qüdrətli rəhbəri möhtərəm İlham Əliyev davam etdirir!"

Onun sözlərinə görə, bu gün xalqımız əmindir ki, Ümummilli Liderimizin siyasi kursu möhkəm əllərdədir: "Bu kursu davam etdirən cənab Prezident Azərbaycanı, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını da yaşadır və inkişaf etdirir, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır!

Azərbaycan Prezidentinin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının inkişafının 2003-cü ildən sonrakı dövrü milli liderimiz Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün daha bir əyani ifadəsidir. Bu xəttin davam etdirilməsi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında dinamik inkişafı təmin etmişdir.

Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına səbəb olmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olmuşdur".

V.Talıbov bildirib ki, 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artmışdır. 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır.

Görülən tədbirlər nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi də təmin olunmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 14 illik fasilədən sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilmişdir. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Əgər sovetlər birliyi dövründə muxtar respublika üzrə cəmi 33 min abonentə təbii qaz verilirdisə, indi artıq 81 mindən çox abonent təbii qazla təmin olunur.

Əgər 2003-cü ilə qədər muxtar respublikada 1 su elektrik stansiyası vardısa, indi 6 yeni elektrik stansiyası yaradılmışdır.

Əsas kapitala yönəldilən dövlət investisiyalarının həcmi də 2003-cü illə müqayisədə 4 dəfə artmışdır. Son 10 ildə 227 inzibati bina, mənzil təsərrüfatı üzrə 42 obyekt, 29 nasos stansiyası, 150 subartezian quyusu tikilmişdir. Kənd və qəsəbələrin də inkişafı diqqətdə saxlanmış, 104 kənd və qəsəbə mərkəzi tikilərək istifadəyə verilmişdir.

Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi yaradılmışdır.

Muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər görülür. Son illər muxtar respublikada 725 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 16 körpü tikilmişdir.

Əhalinin 70 faizdən çoxunun kənddə yaşaması kənd təsərrüfatını muxtar respublika iqtisadiyyatının əsas sahələrindən birinə çevirmişdir. Məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq istifadəçilərinin suvarma suyu, gübrə, müasir texnika və avadanlıqlarla təmin olunması torpağa bağlılığı daha da artırmışdır.

Bunun nəticəsidir ki, 2003-cü illə müqayisədə taxıl istehsalında 41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və giləmeyvə istehsalında 46 faiz artım əldə olunmuşdur. Tələbata uyğun olaraq quşçuluğun və balıqçılığın inkişafı dəstəklənmiş, ötən 10 il ərzində 60 yeni quşçuluq, 11 balıqçılıq təsərrüfatı istifadəyə verilmişdir.

Hazırda muxtar respublikada 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılmış, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faiz təşkil etmişdir. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlmiş, ötən 10 il ərzində 59 min yeni iş yeri açılmışdır ki, bunun da 43 minə yaxını daimi iş yeridir.

Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. İnformasiya-kommunikasiya sahələri sürətlə inkişaf etdirilir.

Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmiş, Naxçıvan şəhərində "Evədək optika" layihəsinin icrasına başlanmışdır. Muxtar respublikanın yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 80 faizində isə simsiz internet xidməti göstərilir. Azərbaycanın ilk peykinin orbitə buraxılması Naxçıvan Muxtar Respublikası ərazisində də keyfiyyətli yayım imkanı yaratmışdır. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" icra olunmuş, orta ümumtəhsil məktəblərində hər 14 şagirdə 1 kompyuter dəsti olmaqla 3409 kompyuter, 551 elektron lövhə quraşdırılmışdır. Quraşdırılmış kompyuterlərin 84 faizinin birbaşa internetə çıxışı təmin olunmuşdur.

Qeyd olunan dövrdə ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin tikintisinə də diqqət artırılmış, 56 min 926 şagird yerlik 142 orta məktəb binası, 17 uşaq bağçası, 17 məktəbdənkənar müəssisə, 20 uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq gənc nəslin istifadəsinə verilmişdir. Məktəb tikintisində Ümummilli Liderimizin adını daşıyan Fond da yaxından iştirak etmiş, Fondun təşəbbüsü ilə 8 məktəb binası tikilmişdir.

Ali və orta ixtisas məktəbləri, elm ocaqları üçün bina və korpusların tikintisi də davam etdirilmiş, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin institutları üçün 3 korpus yenidən qurulmuş, Batabat Astrofizika Rəsədxanası, Bioresurslar İnstitutunun Nəbatat bağı üçün inzibati binalar, Naxçıvan Dövlət Universiteti üçün 6 tədris korpusu və Elektron Kitabxana tikilmişdir.

Görülən tədbirlər nəticəsində təhsilin səviyyəsi artmışdır. Əgər 2004-cü ildə orta məktəbi bitirən məzunlardan 49 faizi ali məktəblərə sənəd vermişdirsə, 2013-cü ildə bu göstərici 77 faiz olmuşdur.

2004-cü ildə abituriyentlərin 30 faizi və ya 891 nəfəri tələbə adını qazanmışdırsa, 2013-cü ildə bu göstərici müvafiq olaraq 52 faiz və ya 1676 nəfər təşkil etmişdir. 2004-cü ildə tələbə adını qazananların yalnız 67 nəfəri qəbul imtahanlarında 500-dən yuxarı bal toplamışdırsa, 2013-cü ildə 500-dən yuxarı bal toplayanların sayı 5 dəfə artaraq 312 nəfər olmuşdur. 2004-2013-cü illərdə əldə etdiyi yüksək nailiyyətlərə görə 51 tələbə Prezident təqaüdünə layiq görülmüşdür. Məzunlarımızdan 350 nəfəri Türkiyə, Ukrayna, İngiltərə, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa və Koreya Respublikası universitetlərinə qəbul olunaraq təhsillərini davam etdirirlər.

Ötən dövrlərdə savadlı nəslin yetişdirilməsi ilə yanaşı, əhali sağlamlığının mühafizəsi istiqamətində də tədbirlər davam etdirilmiş, 71 səhiyyə müəssisəsi tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Təhsil və səhiyyə ilə yanaşı, elm də inkişaf etdirilmiş, ötən dövr ərzində 149 fəlsəfə doktoru, 32 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir.
Həyata keçirilən islahatlar sosial-iqtisadi sahədə də dönüş yaratmış, əhalinin həyat şəraitinin və güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Əhali gəlirlərinin həcmi 2003-cü illə müqayisədə 2013-cü ildə 10 dəfə artmış, hər bir nəfərə düşən gəlirlərin həcmi 2003-cü ildəki 458 manata nisbətən 9 dəfə artaraq 4028 manata qalxmışdır.

Bu inkişaf əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmişdir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasının əhalisi 62 min nəfər artmış, əhalinin ümumi sayı isə 436 minə çatmışdır.

V.Talıbov bildirib ki, muxtar respublikada ordu quruculuğu və müdafiə ilə bağlı tədbirlər də diqqət mərkəzindədir: "Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər nəticəsində yaradılmış ordu birləşmələri etibarlı müdafiəni təmin etməklə yanaşı, işğal olunmuş torpaqların azad edilməsi barədə Ali Baş Komandanımızın bütün tapşırıqlarını yerinə yetirməyə hazırdır!

Göründüyü kimi, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçmişdir. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda, real həyatda, şəhər və rayon mərkəzlərimizin, kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında görürük.

Naxçıvan Muxtar Respublikasının 90 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, tarixin sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin yolu ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur. Bu yolu uğurla davam etdirən cənab Prezidentə minnətdarlığımızı, ehtiramımızı bildirir və Sizin dediyiniz kimi: "Ölkəmizi bundan sonra da inkişaf etdirmək və qüvvətli dövlətə çevirmək üçün ən başlıcası Azərbaycanda Heydər Əliyev yolu davam etdirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti