Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyası "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda "dəyirmi masa" keçirib.
Trend-in məlumatına görə, tədbirdə komissiyanın üzvləri, millət vəkilləri, KİV rəhbərləri və partiyanın üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP-ın İdarə Heyətinin üzvü, komissiyasının sədri Kərim Kərimov bildirib ki, hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası-dövlətçilik ideologiyası mövcuddur və milli ideologiya dövlətin daxili və xarici siyasətinin əsasını təşkil edir: "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını azərbaycançılıq təşkil edir. Azərbaycançılıq ideologiyası partiyamızın proqramının üçüncü əsas prinsipi olmaqla özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirir. Milli ideologiyamızın tarixi kökləri və təkamülü əski çağlarla, xüsusilə XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə səsləşsə də, əslində müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycanın memarı, qurucusu, özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib".
K.Kərimov vurğulayıb ki, ulu öndər Azərbaycanlıların I Qurultayındakı çıxışında "azərbaycançılıq" sözünün mahiyyətini belə açıqlayıb: "Biz azərbaycanlılarıq. Hamımızın vətəni Azərbaycandır. Bu torpaq bizi xalq kimi, millət kimi, şəxsiyyət kimi böyüdüb. Ona görə də hər birimizin varlığında azərbaycançılıq ruhu yaşayır. Azərbaycançılıq ruhu, azərbaycançılıq ideologiyası bizi bir-birimizlə daha sıx bağlayan, birliyə sövq edən amildir. Müstəqil Azərbaycan respublikasının ideologiyası azərbaycançılıq ideologiyasıdır".
K.Kərimov qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası YAP-ın məramnaməsində öz əksini tapıb.
Komissiya sədri bildirib ki, ulu öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 10 illik fəaliyyəti dövründə istiqlalımızın, müstəqilliyimizin simvolu olan dövlət bayrağımız haqqında dünyaya səs salan çox mühüm qərarlar qəbul edib: "Ölkə başçısı 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı meydanının yaradılması, 2009-cu ilin 17 noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamlar imzaladı".
K.Kərimov vurğulayıb ki, ümummilli lider Heydər Əliyev və onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin qorunub saxlanılmasının, onun dönməzliyinin təmin edilməsini özlərinin müqəddəs, prioritet, ümdə vəzifəsi sayıblar.
AMEA-nın vitse-prezidenti, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli isə çıxışında deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri hələ sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və müstəqilliyə doğru ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir: "Ulu öndərin digər bir misilsiz xidməti isə müstəqil Azərbaycanın təməlini qoymasıdır. Dahi siyasətçi Azərbaycanı təhlükələrdən xilas etdi və müstəqilliyimizin əbədiliyini təmin etdi".
İ.Həbibbəyli vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə qaldırıb:
"Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir".
Daha sonra YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbarhimov deyib ki, ulu öndər Heydər Əliyevin Naxçıvanda 1991-cı ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırması müstəqilliyə gedən yol idi və bu addımı ilə ulu öndər bizə müstəqillik yolunu göstərdi: "Ümummilli lider dahi insan idi. Bəzən onu kimlərləsə müqayisə edirlər. Lakin subyektiv fikrim bundan ibarətdir ki, ümummilli lideri heç kimlə müqayisə etmək mümkün deyil. Ona görə ki, ulu öndər sözün əsl mənasında müqayisəedilməz bir şəxsiyyətdir".
"Dəyirmi masa" iştirakçıların çıxışları ilə davam edib.