Azərbaycan, Bakı, 4 may /Trend/
Mayın 3-də Sankt-Peterburq Filarmoniyasının Kiçik Salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illiyinə həsr edilmiş təntənəli konsert olmuşdur.
Konserti Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Rusiyadakı nümayəndəliyi Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu ilə birlikdə təşkil etmişdir.
Baş konsulluqdan Trend-ə bildirmişlər ki, tədbirdə Sankt-Peterburq və Leninqrad Vilayəti administrasiyalarının nümayəndələri, Sankt-Peterburqdakı konsul korpusunun rəhbərləri, muzey və kitabxana direktorları, aparıcı ali məktəblərin rektor, müəllim və tələbələri, habelə Rusiyanın Şimal paytaxtındakı Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.
Konsertdən əvvəl keçirilən görüşdə Azərbaycan tərəfindən ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, onun müavini Qüdsi Osmanov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov, Milli Məclisin deputatı Fəttah Heydərov, Rusiya tərəfindən Sankt-Peterburq Administrasiyasının Xarici Əlaqələr Komitəsi sədrinin müavini Sergey Markov və komitənin informasiya, MDB ölkələri və RF-nin regionları idarəsinin aparıcı mütəxəssisi Aleksandr Anpiloqov iştirak etmişlər.
Görüşdə Azərbaycan və Sankt-Peterburq arasında humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Təbrik nitqi ilə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətindən danışaraq bildirmişdir ki, onun sayəsində ölkə müstəqilliyin ilk illərinin çətinliklərini dəf etmiş, sabit və dinamik inkişaf yoluna çıxmışdır. Səfir vurğulamışdır ki, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. P.Bülbüloğlu Heydər Əliyev Fondunun təhsil, mədəniyyət, idman və səhiyyə sahələrində gördüyü böyük işləri, xarici ölkələrdə çoxsaylı tədbirlər təşkil etdiyini də vurğulamışdır.
Gecənin rəsmi hissəsində Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini Sergey Markov çıxış edərək, Rusiyanın Şimal paytaxtı hökumətinin müraciətini oxumuşdur. Sənəddə Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin müstəsna rolu vurğulanmışdır. Heydər Əliyev Fondunu 10 illik yubileyi münasibətilə təbrik edən, onun gördüyü işlərin əhəmiyyətini vurğulayan S.Markov qeyd etmişdir ki, Azərbaycan ilə münasibətlər Sankt-Peterburq Hökumətinin beynəlxalq və xarici-iqtisadi fəaliyyətinin prioritet istiqamətidir.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov Heydər Əliyev Fondunun çoxillik səmərəli fəaliyyətindən söz açaraq bildirmişdir ki, məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti sayəsində Azərbaycan dünyada layiqli yerini tutmuşdur.
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ümummilli lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüş, Azərbaycanın müstəqil dövlət kimi təşəkkülündə onun rolundan, ölkənin hərtərəfli inkişafına yönəlmiş titanik fəaliyyətindən söz açmışdır.
Rusiya Federasiyasının daxili xidmət general-leytenantı Aleksandr Volox tədbirdə çıxış edərək vurğulamışdır ki, Heydər Əliyev böyük dövlət xadimi və islahatçıdır, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş fəaliyyəti dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti üçün örnəkdir.
Milli Məclisin deputatı Jalə Əliyeva bildirmişdir ki, Heydər Əliyev uzun illər Azərbaycana görə məsuliyyəti öz çiyinlərində daşımış, ölkə və xalq ilə birlikdə Azərbaycanın işıqlı gələcəyinin əsasını qoymuşdur. O, həmçinin vurğulamışdır ki, Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Fond qısa müddətdə böyük yol qət etmişdir və geniş əhatəli missiya həyata keçirməkdə davam edir.
Sonra konsert olmuşdur. Konsertdə Sankt-Peterburq Universitetinin Kamera Orkestrinin ifasında F.Əmirov, Q.Qarayev, Niyazi, V.Mustafazadə, S.Raxmaninov və E.Kurtisin əsərləri səslənmişdir.
Konsertin bədii rəhbəri və baş dirijoru Rusiyanın Əməkdar Artisti Andrey Alekseyev, dirijoru Azərbaycanın Xalq Artisti Teymur Göyçayev olmuşlar.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan fotosərgi təşkil olunmuş, film nümayiş etdirilmişdir.