Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan cəmiyyətini daim irəli aparan lokomotiv rolunda çıxış edir və bütün mənada müsbət yeniliklər, ən yüksək standartlara cavab verən layihələr məhz onun düşüncəsinin, onun verdiyi qərarların nəticəsidir. Ona görə də Azərbaycan çox qısa zamanda həm "ASAN xidmət"in daha geniş şəbəkəsinin, həm də buna bənzər yeni mexanizmlərin yaranmasına müəlliflik edəcək.
Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" nəşrinə müsahibəsində "ASAN xidmət" mərkəzi barədə fikirlərini şərh edərkən bildirib.
Parlament sədrinin müavini qeyd edib ki, son dövlər Azərbaycanın inkişafının dinamik xarakter alması və insani, coğrafi, siyasi, ümumiyyətlə, bütün sahələrdəki potensialının səfərbər edilərək ölkənin ümumi inkişafına yönəldilməsi ayrı-ayrı sahələri dirçəltdiyi, irəliyə apardığı kimi yeni sahələrin də meydana gəlməsinə şərait yaradıb: "Zamanın diqtə etdiyi problemləri həll etmək, zamanın tələbinə uyğun mexanizmlərin yaranması da artıq özünü Azərbaycanda qabarıq şəkildə göstərməkdədir. Bu mənada vətəndaş-məmur, vətəndaş-dövlət münasibətlərinin təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin əldə edilməsi, onların problemlərinin həllinin daha rahat mexanizmlərlə həyata keçirilməsi üçün yeni fəaliyyət sahələri yaranıb. Bunun ən bariz nümunəsi son dövrlərin yeniliyi, problemlərə modern yanaşma tərzini özündə əhatə edən "ASAN xidmət"dir. "ASAN xidmət" Azərbaycan brendi, Azərbaycanın təqdim etdiyi yeni bir mexanizm, fəaliyyət sahəsidir. Çox qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, "ASAN xidmət" Azərbaycan vətəndaşları arasında çox böyük populyarlıq əldə edib. Bu mərkəzə müraciət edənlər orada müəyyənləşdirilmiş xidmət sahələri üzrə hər hansı problemlə bağlı birmənalı olaraq müsbət əhval-ruhiyyə ilə ayrılırlar. İnsanlar burada bir sıra mövcud neqativ hallar və bürokratik əngəllərlə rastlaşmır, daha az vaxt itkisi ilə problemlərinin asan şəkildə həllinə nail olurlar. Müasir demokratik cəmiyyət quruculuğu ilə məşğul olan, vətəndaşların sosial rifahını, rahatlığını təmin etmək istəyən dövlətin hədəfləri də məhz budur".
Vitse-spikerin fikirncə, "ASAN xidmət"in tətbiqi təkcə Azərbaycan üçün deyil, bir sıra digər ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir: "Hesab edirəm ki, bu yenilik, bu xidmət "Asan hökumət" layihəsinin əsas nüvəsidir və bu brend region, eləcə də Avropa ölkələri üçün də çox böyük maraq kəsb edir. Biz bilirik ki, bu yaxınlarda "ASAN xidmət" mərkəzinin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən ölkələrdə ən müxtəlif tədbirlərdə təqdimatı keçirilib. Bu xidmətin yaranması, fəaliyyəti, əldə olunan nəticələr barədə məlumatlar ən geniş dairələrdə diqqətə çatdırılıb. Bu mexanizm artıq Avropada da, regionda da çox böyük maraq və rezonans doğurub və bu təcrübədən yararlanmaq istəyənlərin sayı getdikcə artır".
B.Muradova hesab edir ki, bu xidmətin tətbiqi həm onun müəllifi olan Azərbaycan, həm də digər ölkələr üçün müsbət nəticə verə bilər: "Biz həmişə yeniliyi Avropadan, inkişaf etmiş ölkələrdən gözləməyə adət etmişik. Oradan bizim həyatımıza yeni nə daxil olursa, onun daha düzgün, daha müasir olduğu qənaətində oluruq. Amma indi hadisələr elə cərəyan edir ki, bu yenilik hazırda dinamik inkişaf yoluna qədəm qoymuş və heç bir kənar siyasi iradəyə, kənar dairəyə aid olmayan siyasət yeridən ölkədə - Azərbaycanda meydana gəlir və çox uğurla sınaqdan keçirilir. Bu, təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün də böyük maraq kəsb edir və təcrübədə çox müsbət nəticələr verə bilər".
Milli Məclis sədrinin müavinin fikrincə, Prezident İlham Əliyev tərəfindən belə proqressiv layihələrin və mexanizmlərin həyata keçirilməsinin davamını da görmək mümkün olacaq: "ASAN xidmət"in tətbiqinin təşəbbüskarı Prezident İlham Əliyevdir. Bu xidmət məhz onun məsələlərə müasir və modern yanaşması, problemlərdən dərinliklərinə qədər xəbərdar olması, onların indiki şəraitdə daha asan, daha rahat və daha müasir şəkildə necə aradan qaldırılması yollarını bilməsi, konkret mövqeyi, siyasi iradəsi və qərarı nəticəsində fəaliyyətə başlayıb. Bu gün "ASAN xidmət"ə yüzlərlə könüllü cəlb olunurlar. Onlar dövlət-vətəndaş münasibətlərinin təkmilləşməsinə öz töhfələrini verir və bundan qurur duyur, məmnunluq hissi keçirirlər. Yəni vətəndaşları razı salmaqla özləri də məmnun olurlar. Bu, həm də məmur-vətəndaş təmasının azalmasına, cəmiyyətdə kök salmış bir sıra neqativ halların və digər süni əngəllərin tədricən aradan qalxmasına çox gözəl şərait yaradacaq. Dünya ölkələrinin təcrübəsi göstərir ki, korrupsiya, rüşvət, bürokratik əngəlləri inzibati yollarla aradan qaldırmaq çətin olur. Belə yeni mexanizmlər isə öz-özünə bu problemləri istisna edib kənarlaşdırır. Ona görə də cənab Prezidentdən belə layihələrin davamının gələcəyini də gözləyirik".
Qeyd edək ki, Prezident İlham Əliyev "The Business Year" nəşrinə müsahibəsində bildirib ki, "ASAN xidmət" dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir: "Cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Qarşıdakı dövrdə "ASAN xidmət"in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq".