Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Mayın 19-da Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusu və onun tabeliyində olan hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsi mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbir Naxçıvan Qarnizonunda yerləşən hərbi hissələrdən birində keçirilib.
Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev təqdimat mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və müdafiə naziri general-polkovnik Zakir Həsənova raport verib.
Ali Məclisin sədri əsgərləri salamladıqdan və Azərbaycan Respublikasının Dövlət himni ifa edildikdən sonra hərbi hissələrə döyüş bayraqlarının verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təqdimatı oxunub.
Ali Məclisin sədri Əlahiddə Ümumqoşun Ordusuna, müdafiə naziri isə hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Tədbir döyüş bayraqları təqdim olunmuş hərbi hissələrin şəxsi heyətinin təntənəli marşı ilə sona çatıb.