...

Azərbaycan XİN: İlqar Məmmədovun məsələsi məhkəmə hakimiyyəti tərəfindən həll olunmalıdır

Siyasət Materials 23 May 2014 11:12 (UTC +04:00)
2013-cü ildə İsmayıllı hadislərinin iştirakçılarından biri, REAL hərəkatının həmsədri İlqar Məmmədovun barəsində məhkəmənin qərarı ilə bağlı məsələ məhkəmə hakimiyyəti tərəfindən həll olunmalı, bu məsələyə heç kim təzyiq göstərməməli və ya mane olmamalıdır.
Azərbaycan XİN: İlqar Məmmədovun məsələsi məhkəmə hakimiyyəti tərəfindən həll olunmalıdır

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Əliyev/

2013-cü ildə İsmayıllı hadislərinin iştirakçılarından biri, REAL hərəkatının həmsədri İlqar Məmmədovun barəsində məhkəmənin qərarı ilə bağlı məsələ məhkəmə hakimiyyəti tərəfindən həll olunmalı, bu məsələyə heç kim təzyiq göstərməməli və ya mane olmamalıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda AŞPA Daimi Komitəsinin iclasında bildirib.

XİN rəhbəri deyib: "Əminəm ki, bu məsələ bütövlükdə hüquqi çərçivədə həll olunacaq. Azərbaycan gənc dövlətdir və biz şübhə etmirik ki, hələ görməli olduğumuz çoxlu vacib işlər və üzərində çalışmalı olduğumuz məsələlər var, həmçinin insan hüquqları sahəsində".

Qeyd edək ki, martda Şəki Ağır Cinayətlər Məhkəməsində 2013-cü ildə İsmayıllıda baş vermiş hadisələrlə bağlı tutulan şəxslərin məhkəməsi sona çatıb.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən iclasda məhkəmənin qərarı ilə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 5 il, REAL hərəkatının həmsədri İlqar Məmmədov isə 7 il azadlıqdan məhrum ediliblər.

Həmçinin məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Səftər Ağamalıyev, Anar Həsənov və Asif İbrahimovun hər biri 8 il, Elşən Qurbanov 5 il, Elşən İsmayıllı 5 il, Cəfər Cəfərov 4 il 6 ay, Qəmbər Ağamalıyev 4 il 6 ay Şükran Mehbalıyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən 8 nəfər isə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti