Qazaxıstan, Astana, 29 may /Trend, müxbir D.Muxtarov/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Ermənistanın dövlət başçısı Serj Sarkisyana ölkəsinin Gömrük İttifaqına qoşulacağı zaman BMT-nin rəsmən tanınmış sərhədlərlə bağlı prinsiplərinə riayət olunması xahişi ilə müraciət edib.
Qazaxıstan Prezidenti deyib: "Əgər bütün ticari məsələlər həll olunarsa, onda Ermənistanın lideri bir məsələni həll etməlidir ki, siz BMT-nin tanıdığı Ermənistan sərhədləri çərçivəsində (Gömrük İttifaqına) daxil olursunuz".
Dövlət başçısının sözlərinə görə, bu məsələ bu ilin iyun ayı ərzində bütün tərəflərlə müzakirə edilməlidir.
Nazarbayev qeyd edib ki, Azərbaycan tərəfi üç ölkənin prezidentlərinə belə bir tələblə müraciət edib ki, Ermənistan Gömrük İttifaqına bir şərtlə daxil ola bilər ki, Ümumdünya Ticarət Təşkilatının və Gömrük İttifaqının əsasnamələri ölkənin beynəlxalq qanunlarla nəzərdə tutulmuş sərhədləri daxilində qüvvədə olacaq.
Bir qədər əvvəl xəbər verilmişdi ki, Gömrük İttifaqı çərçivəsində Qazaxıstan, Rusiya və Belarusa qoşula biləcək ilk ölkə Ermənistan olacaq.
Bundan əlavə, sonradan Avrasiya İqtisadi İttifaqına qoşulmaqla Gömrük ittifaqına qoşulmağa hazır olduqlarını Qırğızıstan və Tacikistan da nümayiş etdirir. Ehtimal olunur ki, bu iki ölkə iyunun birinə kimi Gİ-yə daxil olacaqlar. Ermənistanın Gİ-yə daxil olmaqla bağlı müqaviləni iyunun 15-də imzalaması planlaşdırılır.