...

Prezident İlham Əliyev: Azərbaycan və Rusiya arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur

Siyasət Materials 23 İyun 2014 12:51 (UTC +04:00)
"Sizi – Beşinci Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilmişdir".
Prezident İlham Əliyev: Azərbaycan və Rusiya arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur

Azərbaycan, Qəbələ, 23 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

"Sizi - Beşinci Azərbaycan-Rusiya regionlararası forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilmişdir". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qəbələdə öz işinə başlayan V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciətində deyib. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Azərbaycan Prezidenti müraciətində bildirib ki, şübhə yoxdur ki, bu gün işə başlayan toplantı da qazanılmış uğurların təhlili və qarşıya çıxan aktual məsələlərin müzakirəsi, birgə fəaliyyətin prioritet sahələrinin və yeni formalarının müəyyənləşdirilməsi baxımından faydalı olacaqdır: "Forumun Azərbaycan dövlətçiliyinin qədim tarixini özündə yaşadan Qəbələ şəhərində keçirilməsi əlamətdar hadisədir. Füsunkar təbiəti, etnik və dini rəngarəngliyi ilə seçilən bu diyar respublikamızın mədəniyyət və turizm mərkəzlərindən biri kimi tanınır. Son illər aparılmış genişmiqyaslı quruculuq işləri Qəbələdə yerli və beynəlxalq əhəmiyyətli mötəbər tədbirlər təşkil etməyə, o cümlədən növbəti Azərbaycan-Rusiya regionlararası forumunu yüksək səviyyədə və işgüzar şəraitdə keçirməyə imkan verir".

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır: "Ölkələrimiz arasındakı etibarlı tərəfdaşlıq münasibətləri və mövcud əlverişli investisiya mühiti özəl biznesin regionlararası iqtisadi əlaqələrə daha yaxından cəlb edilməsinə münbit şərait yaradır. Biz energetika, kənd təsərrüfatı, bank, turizm və nəqliyyat sektorlarında qazanılmış müsbət təcrübədən çıxış edərək, yaxın gələcək üçün yeni hədəflər müəyyənləşdirə bilərik. Həmçinin, əməkdaşlığımızın vacib komponentlərindən olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə də diqqət artırılmalı, bu məqsədlə aydın perspektivləri olan layihələr və işlək mexanizmlər hazırlanmalıdır".

Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, forum iştirakçıları yaranmış fürsəti lazımınca dəyərləndirərək, gündəlikdə duran bütün məsələlər ətrafında konstruktiv müzakirələr aparacaq, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına sanballı töhfə verən, xalqlarımız arasında tarixən bərqərar olmuş dostluq əlaqələrinin daha da dərinləşməsinə yönələn qərarlar qəbul edəcəklər: "Forumun işinə uğurlar, hər birinizə cansağlığı və yeni nailiyyətlər arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti