...

İran XİN-in sözçüsü: İran və Britaniya arasında münasibətlər yenidən yaxşılaşmaq üzrədir

Siyasət Materials 25 İyun 2014 12:16 (UTC +04:00)
İran və Britaniya arasında münasibətlər 2013-cü ildə əldə olunan razılıqdan sonra yavaş-yavaş yaxşılaşmaq üzrədir.
İran XİN-in sözçüsü: İran və Britaniya arasında münasibətlər yenidən yaxşılaşmaq üzrədir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Təmkin Cəfərov/

İran və Britaniya arasında münasibətlər 2013-cü ildə əldə olunan razılıqdan sonra yavaş-yavaş yaxşılaşmaq üzrədir. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm bu gün keçirilən mətbuat konfransında jurnalistin Britaniya və İranın səfirliklərinin yenidən fəaliyyətə başlaması ilə bağlı sualını cavablandırarkən deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

M.Əfxəm bildirib ki, hazırda İranın Britaniyadakı səfirliyi fəaliyyətə başlayıb: "Biz Britaniya rəsmilərinin bu ölkənin Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması ilə bağlı fikirlərini dinlədik. Səfirliklərin fəaliyyəti ilə bağlı işlər görülür. Ümid edirik ki, hər iki ölkənin rəsmilərinin qərarı ilə bu iş daha da sürətlənəcək".

O, Britaniya səfirliyinə dəymiş ziyanla bağlı qeyd edib ki, araşdırılacaq çoxsaylı məsələlər var və hələlik bu barədə müzakirəyə başlanılmayıb.

İranla Böyük Britaniya arasında münasibətlər İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları üzündən uzun müddətdir gərgin olaraq qalır. İranın Qərbin xüsusi xidmət orqanlarını, eləcə də Britaniyanın MI-6 xarici kəşfiyyatını 2010-cu il noyabrın 29-da Tehranda törədilən terror aktlarında günahlandırması bu münasibətləri daha da gərginləşdirib. Həmin terror aktlarında bu ölkənin nüvə alimi Məcid Şəhriyari həlak olub, lazer fizikası sahəsində mütəxəssis Firudin Abbasi isə yaralanıb.

Bundan əlavə, İran Böyük Britaniyanı İran müxalifətini açıq şəkildə dəstəkləməkdə və ötən il ölkədə baş verən kütləvi küçə etirazlarını qızışdırmaqda da günahlandırır.

2010-cu ildə Böyük Britaniya rəsmilərinin İranda insan haqlarının vəziyyətini tənqid etməsi İran və Britaniya arasıdan qeyri-rəsmi şəkildə diplomatik əlaqələrin zəifləməsinə səbəb olub. Britaniyanın Tehrandakı və İranın Londondakı səfirliyi müvəqqəti işlər üzrə müvəkkil tərəfindən idarə olunur və hər iki ölkə öz səfirini qeyri-rəsmi şəkildə geri çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti