...

Arzu Nağıyev: Avropa Azərbaycanı öz tərəf müqabili kimi qəbul edir (MÜSAHİBƏ) (VİDEO)

Siyasət Materials 30 İyun 2014 11:55 (UTC +04:00)
Region TV-nin “Bu həftə” analitik informasiya buraxılışının bu həftəki qonağı - Trend agentliyinin icmalçısı Arzu Nağıyev Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışının təfərrüatları, Azərbaycan Ordusunun hazırkı vəziyyəti, Azərbaycan və Ermənistan arasında bundan sonra yaşana biləcək hadisələrə dair öz mülahizələrini bildirib.
Arzu Nağıyev: Avropa Azərbaycanı öz tərəf müqabili kimi qəbul edir (MÜSAHİBƏ) (VİDEO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Region TV-nin "Bu həftə" analitik informasiya buraxılışının bu həftəki qonağı - Trend agentliyinin icmalçısı Arzu Nağıyev Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışının təfərrüatları, Azərbaycan Ordusunun hazırkı vəziyyəti, Azərbaycan və Ermənistan arasında bundan sonra yaşana biləcək hadisələrə dair öz mülahizələrini bildirib.

- Ötən həftə AŞPA-nın yay sessiyasının plenar iclası keçirildi. Bu iclasa Prezident İlham Əliyevin bəyanatları möhürünü vurdu. Prezident İlham Əliyevin bu çıxışında hansı məqamlar önə çıxdı?

- Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrlik edəcək. Bu məqsədlə AŞPA-nın plenar iclasına dəvət edilən Azərbaycan Prezidentinin geniş, hərtərəfli çıxışı oldu. Bu çıxışı 3 hissəyə ayırmaq olar. Birincisi, Azərbaycanda gedən siyasi-iqtisadi prosesləri dünyaya təqdim etmək, ikinci məqam, Dağlıq Qarabağ məsələsi, üçüncüsü isə beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibəti.

Prezidentin çıxışı zamanı diqqətə çatdırıldı ki, artıq bütün dünya - bu istər Aİ, istər BMT, istər Şərq və ya Qərb olsun - hamı Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bilir. Bu isə onu deməyə əsas verir ki, artıq DQ məsələsində hansısa hərəkətlərin edilməsinə məqam çatıb. Bir sözlə, artıq bizim itirilmiş torpaqlarımızda zəfər çalmağın vaxtıdır.

- Erməni təcavüzü də iclasın əsas gündəm mövzularından idi. Prezident İlham Əliyev bunu - erməni təcavüzünü faktlarla ifşa etdi. Bu məsələyə münasibətinizi bilmək istərdim.

- Hamıya məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi artıq 20 ildən artıqdır ki, davam edir. İndiyə qədər torpaqların azad edilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən konkret bir addım atılmayıb. ATƏT-in Minsk qrupu müəyyən addımlar atsa da, qarşısına yeganə məqsəd kimi ancaq atəşkəsin qorunmasını qoyur. Azərbaycan dövlətinin və xalqının artıq səbr kasası dolub, bunun üçün biz artıq dövlət olaraq daha konkret addımlar atmaqda qərarlıyıq. Prezidentin AŞPA-nın bu sessiyasındakı çıxışı bütün dövlətləri qorxuya saldı desək, yanılmarıq. Çünki bütün dünya və Avropa dövlətləri qarşılarında çox güclü bir siyasətçi, dəqiq faktlarla danışan bir şəxs gördülər. Bu, çox təqdirəlayiq haldır ki, dünya dövlətləri Azərbaycanı inkişaf edən və inkişaf zamanı böyük addımlarla irəliləyən bir dövlət kimi tanıdı. Bəli, müəyyən provokasiyalar oldu, lakin Prezidentimizin müdrikliyi nəticəsində hər bir şey yoluna qoyuldu.

Ümumiyyətlə, bir şeyi qeyd edim ki, iclas zamanı siyasi məhbuslar və bu kimi başqa problemləri dilə gətirən siyasilər, Dağlıq Qarabağ probleminə toxunmağı xatırlamadılar belə. Birtərəfli şəkildə Azərbaycana qarşı atılan addımlar kifayət qədər hiss olunurdu və bunların nə məqsədlə edildiyi də artıq dövlətimizə məlumdur.

- İclasda Ermənistana sanksiyaların tətbiqi məsələsi də gündəmə gəldi. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün biz elə bir geosiyasi şəraitdəyik ki, Ermənistanın blokada şəraitində yaşadığı artıq hamıya bəllidir. Maraqlı da burasıdır ki, onlar özləri özlərini o blokadaya salıb. İstər iqtisadi, istər miqrasiya baxımından Ermənistanda vəziyyət çox acınacaqlı bir hala gəlib çıxıb. Nə qədər qonşu dövlətlər ona yardım etməyə çalışsalar da, bu, ölkənin inkişafına təkan verəsi deyil. Azərbaycan Prezidenti isə Ermənistana tətbiq olunan sanksiyaların artırılacağını, razılığa gəlinməyəcəyi təqdirdə təcavüzkara layiq olduğu cavabın artıqlaması ilə veriləcəyini bildirdi. Bunun üçün isə bizdə kifayət qədər güc var.

Bir şeyə nəzər salaq. Bakıda ATƏT PA-nın plenar iclası keçirilir. Bu Azərbaycana olan etimadın göstəricisidir. Belə ki, Avropa Azərbaycanı öz tərəf müqabili kimi qəbul edir. İclasın nəticəsi olaraq həm Dağlıq Qarabağ münaqişəsi, həm regional məsələlərin həlli, həm dünya üçün əhəmiyyətli olan məsələlər haqqında qərarlar qəbul ediləcək.

- Strasburqdan qayıdan ölkə başçısı Ordunun vəziyyəti ilə tanış oldu. Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı hansı vəziyyətdədir?

- 26 iyun Azərbaycan Ordusunun yarandığı gündür. Prezidentin iştirakı ilə Azərbaycan Ordusu tam formatda taktiki təlimlər keçirdi. Prezident, Ali Baş Komandan İlham Əliyev bu təlimlərdə geniş nitqlə çıxış etid. Çıxışda Ordunun hazırlıq səviyyəsi, Ermənistanın təcavüzü və beynəlxlaq təşkilatların bu işə biganəliyi ön plana çəkildi. Əlbəttə, Ali Baş Komandının bu təlimlərdə iştirakı ruh yüksəkliyi verdi. Qeyd etmək istəyirəm ki, təlim nə qədər ağır keçirsə, döyüş bir o qədər asan olur. Müharibə elan etmək ən ağır məsələlərdən biridir. İstər hücum taktikası seçilən vaxtı, istər müdafiə edilən vaxt itkilər olur. İnsan ömrü, insan faktoru hər şeydən üstündür. Bəli, bü gün Azərbaycan Ordusu regionda ən güclü ordudur, ən zəngin texnikaya sahibdir. Müdafiə nazirinin özünün də qeyd etdiyi kimi, Ermənistanın strateji nöqtələrini bir anda məhv etməyə qadir ordumuz var. Azərbaycan Ordusu bu hazırkı durumu ilə, əzmi, inamı ilə qələbə çalmağa qadirdir, lakin qələbədən əvvəl əsas sülhdür. Sülh yaranmalıdır. Sülh üçün isə qarşılıqlı razılıqlar olmalıdır. Lakin erməni tərəfi bugün bunu etmir. Bunu etməsələr, Azərbaycanın yeganə çıxış yolu müharibəyə qalır. Azərbaycan Ordusunun isə göstəriciləri qələbəyə daha yaxındır. Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirəcək bir erməni ordusu yoxdur.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti