Azərbaycan, Bakı, 29 iyul /Trend/
Bu gecə Qəzzanın İsrail ordusu tərəfindən yenidən əvvəlki şiddətlə bombalanması nəticəsində 30 fələstinli həlak olub. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Hələ dünən ordu hücum əməliyyatlarından imtina edəcəyini vəd etsə də, gün ərzində 10 əsgərin ölümü İsrailin siyasi rəhbərliyini və hərbi komandanlığını 3 həftə ərzində mindən artıq dinc sakinin ölümünə səbəb olan əvvəlki metodlara qayıtmağa məcbur edib.
Hərbçilər qeyd edirlər ki, gecə ərzində Qəzza sektorunda 60-a yaxın hədəfə hücum olunub.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, merin evinə endirilən zərbə nəticəsində "əl-Büreyc" qaçqın düşərgəsində ən azı 14 nəfər, yerli "İslam cihadı" briqadasının komandirinin məhv edildiyi Rafahda 12 nəfər, Xan-Yunisdə isə 3 nəfər həlak olub.
Səhiyyə Nazirliyinin son hesablamalarına görə, 3 həftə ərzində Qəzzada gedən döyüşlərdə 1095 nəfər ölüb, 6,5 min nəfər yaralanıb. İsrail tərəfdən isə 56 nəfər ölüb, onlardan 53-ü əsgər və zabitdir.
Gecə hücum olunan obyektlər arasında HƏMAS hərəkatının lideri, sabiq Baş nazir İsmail Xaniyənin evi, Maliyyə Nazirliyinin binası, islamçıların "əl-Əqsa" televiziyasının baş ofisi, boşaldılmış prezident iqamətgahının qarşısındakı məscid də var. Dünən İsrail ordusu şimaldakı Beyt-Hanun, Beyt-Lahiyə və Cəbaliyyə şəhərlərinin, eləcə də paytaxtın şərq hissəsində mülki əhalini evlərini tərk etməyə və anklavın içərilərinə doğru çəkilməyə çağırıb. Gecə Fələstin silahlıları İsrailə 8 raket zərbəsi endiriblər. Ölkənin ikinci böyük şəhəri və 400 min əhalisi olan Təl-Əvivdə isə hava həyəcanı siqnalı və partlayış səsləri eşidilib.