...

Rauf Zeyni: Leyla Yunus dünya ictimaiyyətində Azərbaycan haqqında yanlış təsəvvür yaradırdı

Siyasət Materials 31 İyul 2014 17:13 (UTC +04:00)
Leyla Yunus Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərərək dünya ictimaiyyətində ölkə haqqında yanlış təsəvvür yaradırdı.
Rauf Zeyni: Leyla Yunus dünya ictimaiyyətində Azərbaycan haqqında yanlış təsəvvür yaradırdı

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Leyla Yunus Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərərək dünya ictimaiyyətində ölkə haqqında yanlış təsəvvür yaradırdı. Bu barədə Trend-ə Milli QHT Forumunun prezidenti Rauf Zeyni Sülh və Demokratiya İnstitutunun direktoru L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.

R.Zeyni qeyd edib ki, hər bir təşkilat rəhbəri, hər bir qeyri-hökumət təşkilatı və ümumiyyətlə, hər bir insan öz fəaliyyətinə görə məsuliyyət daşıyır: "Leyla Yunusun fəaliyyəti Azərbaycan xalqına bəllidir. Yəni torpaqlarımızın bir hissəsinin işğal altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkünün olması Leyla Yunus və onun kimi insanları o qədər də düşündürməyib, ancaq bir hüquq müdafiəçisi obrazı yaratmaqla, Azərbaycan haqqında beynəlxalq ictimaiyyətə qeyri-obyektiv məlumat çatdırmaqla, cinayəti sübuta yetirilmiş bəzi insanları siyasi məhbus kimi dünya ictimaiyyətinə təqdim etməklə, Azərbaycan haqqında yalan məlumatlar yaymaqla, heç bir məhdudiyyət qoymadan ermənilərlə əməkdaşlıq etməklə və s. bu kimi əməllərlə məşğul olurdular".

O, əlavə edib ki, bir ermənilər, bir də Leyla Yunus və onun tərəfdarlarından başqa hamı, bütün dünya "Avroviziya" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini dəstəkləyirdi.

R.Zeyninin sözlərinə görə, Leyla Yunus və onun kimilər hətta bəzi beynəlxalq təşkilatların dəstəyinə nail olmuşdular və onlar da inanmağa başlamışdılar ki, Azərbaycanda vəziyyət bunlar deyən kimidir: "Düşünürəm ki, hüquq-mühafizə orqanları obyektiv olaraq bu məsələləri araşdıracaq. Biz qeyri-hökumət təşkilatları olaraq, obyektivliyin, qanunların aliliyi prinsiplərinin tərəfdarıyıq və heç bir kəsin hüquqları tapdalanmamalıdır. Bu gün Azərbaycan dövləti də tam şərait yaradıb ki, müstəqil araşdırma aparılsın. Bunlar ona görə olmalıdır ki, dünya ictimaiyyəti həqiqətləri bilsin. Bilsin ki, kim kimdir, kim vətəndaş cəmiyyəti üçün, kim milli maraqlar üçün çalışıb, kim ona zidd hərəkət edib. Bizə düşmən olan bir ölkəyə dəstək olaraq fəaliyyət göstərməyə nə ad vermək olar? Neçə illərdir ki, biz daim bununla bağlı öz etirazımızı bildirmişik, amma təəssüflər olsun ki, bizim müraciətlərimizə, bəyanatlarımıza fikir vermədən onlar elə öz işlərini görürdü. Hesab edirəm ki, Leyla Yunusun bütün bu əməllərinə qanun çərçivəsində qiymət veriləcək".

Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti