Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
HƏMAS-ın hərbi qanadının nümayəndələri Qəzza sektorunda İsrail ordusunun zabitini əsir götürüblər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu HƏMAS-ın siyasi bürosunun rəhbəru Mussa Əbu Marzuk deyib.
Onun sözlərinə görə, israilli zabit atəşkəs elan edilməmişdən öncə qaçırılıb.
Qeyd edək ki, avqustun 1-də İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi Con Kerrinin təklif etdiyi üç günlük humanitar barışığa razılıq vermişdi.
C.Kerri Hindistana səfəri zamanı tərəflərin 1 avqust saat 08:00-dan etibarən atəşkəs barədə razılığa gəldiyini bəyan etmişdi.
Bir müddət əvvəl Fələstin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa razılıq verdiyini HƏMAS da təsdiqləmişdi.
Lakin atəşkəs rejimi 2 saatdan çox davam edib və İsrail Qəzza sektorunda hərbi əməliyyatlara davam etdiyini açıqlayıb.
Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 1500-dən çox fələstinli öldürülüb, 7 mini isə yaralanıb.
İsrail ordusu isə 131 hərbçisini itirib.