...

Sədaqət Vəliyeva: “Azərbaycanın xalqa arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var”

Siyasət Materials 7 Avqust 2014 20:59 (UTC +04:00)
“Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, hərbçilərlə görüşməsi, onları mükafatlandırması, eyni zamanda, operativ müşavirə keçirməklə real vəziyyətlə daha yaxından tanış olması bir daha sübut etdi ki, Azərbaycanın xalqa arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var”.
Sədaqət Vəliyeva: “Azərbaycanın xalqa arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var”

Azərbaycan, Bakı, 7 avqust /Trend/

"Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, hərbçilərlə görüşməsi, onları mükafatlandırması, eyni zamanda, operativ müşavirə keçirməklə real vəziyyətlə daha yaxından tanış olması bir daha sübut etdi ki, Azərbaycanın xalqa arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan xalqı böyük ruh yüksəkliyi və vətənpərvərlik hisləri içərisindədir: "Erməni kəşfiyyat-diversiya qruplarının xəyanətkarcasına etdiyi basqınların qarşısını alan, hətta, onları ağır itki verərək geri çəkilməyə məcbur edən ordumuzun peşəkarlığı cəmiyyətdə böyük ruh yüksəkliyi və döyüş əhvalını daha da artırdı. Həmçinin, şəhidlərimiz xalq tərəfindən torpaqlarımızın müdafiəsi zamanı canını qurban vermiş qəhrəmanlar kimi torpağa tapşırıldı və onların ailələri, yaxınları, dostları "Vətən sağ olsun" deyərək, əsil dəyanət, vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Bu da gənclərimizin, keçmiş döyüşlərimizin döyüş ruhunu daha da artırdı. Elə bunun nəticəsidir ki, yüzlərlə gənc və Qarabağ qaziləri Müdafiə Nazirliyinə və aidiyyatı qurumlara müraciət edərək, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün döyüşmək arzularını ifadə etdilər. Prezident İlham Əliyevin Ağdama, cəbhə xəttinə səfər etməsi isə bu ruh yüksəkliyini daha da yüksəltdi. Hər bir azərbaycanlı gördü ki, bu ölkə 1992-ci ildə olduğu kimi rəhbərsiz və ordusuz deyil. Biz bunu sosial şəbəkələrdəki aktivlikdən də, orada xüsusilə də, gənclərimizin torpaqlarımızın azad edilməsi üçün döyüşmək və şəhidlərimizin qanını yerdə qoymamaq üçün etdiyi müraciətlərini, fikirlərini də sezdik. Hətta, düşmənlərimiz belə müşahidə etdilər ki, Azərbaycan bütün hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən hərbi əməliyyatı reallaşdıra biləcək orduya malikdir".

Sədaqət Vəliyeva qeyd edib ki, bütün mövcud faktorlar bir daha Azərbaycanın prinsipial mövqeyinin reallaşdırılmasına və torpaqlarımızın işğaldan azad edilməsinə əlverişli şərait yaradır. Deputat həmçinin, diqqətə çatdırıb ki, xalq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə inanır və güvənir: "Ona görə də, tam əminliklə deyə bilərəm ki, əgər Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsinə əmr versə, milli-etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı döyüşə gedəcək, canından, qanından keçəcək. Çünki, hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevə inanır və etibar edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti