...

XİN: Azərbaycan üçüncü ölkələrin onun qonşuları ilə münasibətlərinə xələl gətirməsinə yol verməyəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Avqust 2014 12:40 (UTC +04:00)
Azərbaycan üçüncü ölklərin onun qonşuları ilə münasibətlərinə xələl gətirməsinə yol verməyəcək.
XİN: Azərbaycan üçüncü ölkələrin onun qonşuları ilə münasibətlərinə xələl gətirməsinə yol verməyəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan üçüncü ölkələrin onun qonşuları ilə münasibətlərinə xələl gətirməsinə yol verməyəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə axşamı brifinqdə bəzi kütləvi informasiya vasitələrinin İran üzərində vurulan İsrailin pilotsuz təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə yaydığı məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Bakı qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaradılması zamanı məhz bu prinsipləri rəhbər tutur.

Azərbaycanın Müdafiə Nazirliyi İranda vurulmuş İsrail istehsallı "Hermes 450" tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatları təkzib edir.

Bununla bağlı çərşənbə günü Trend-in sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlının fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb: "Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Bu təxribat xarakterli informasiyanı təkzib edir və bildiririk ki, yayılan məlumatları yaxın qonşularla münasibətlərin korlanmasına cəhd kimi qiymətləndiririk".

Qeyd edək ki, avqustun 24-də İran hərbçiləri bəyan ediblər ki, onlar İran İslam Respublikasının hava məkanında İsrail istehsallı "Hermes 450" pilotsuz kəşfiyyat təyyarəsini vurublar. Onların sözlərinə görə, pilotsuz kəşfiyyat təyyarəsi uranın zənginləşdirilməsi üçün atom müəssisəsinin yerləşdiyi Nətənz bölgəsini görməyə cəhd edib.

İsrail tərəfi bildirib ki, təyyarə İsrail istehsalı olsa da, Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələrin Silahlı Qüvvələrinin silahlanmasındadır. Bir sıra xarici KİV-lər isə kəşfiyyat təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə dəqiqləşdirilməmiş məlumat yayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti