...

Bakıda Böyük Britaniyanın keçmiş müdafiə naziri Liam Foksun kitabının təqdimatı olub (FOTO)

Siyasət Materials 15 Sentyabr 2014 19:17 (UTC +04:00)
Bu gün Bakıda Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksun "Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə" kitabının Azərbaycan dilinə tərcüməsinin və "TEAS Press" Nəşriyyat Evinin təqdimatı olub.
Bakıda Böyük Britaniyanın keçmiş müdafiə naziri Liam Foksun kitabının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bu gün Bakıda Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksun "Şahə qalxan dalğalar. Yeni eranın çağırışları ilə üz-üzə" kitabının Azərbaycan dilinə tərcüməsinin və "TEAS Press" Nəşriyyat Evinin təqdimatı olub.

Trend-in məlumatına görə, tədbirdə siyasi, ictimai xadimlər, deputatlar, həmçinin müəllif iştirak edib.

Kitab "TEAS Press" Nəşriyyat Evi tərəfindən tərcümə edilərək nəşr edilib.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri, kitabın redaktoru və kitabın Azərbaycan dilinə tərcüməsinin nəşri layihəsinin rəhbəri Tale Heydərovun sözlərinə görə, kitab sübut edir ki, siyasətçi dr. L.Foks qlobal hadisələri yazan peşəkar analitikdir: "O, sanballı əsər yarada bilib. Liam Foksun kitabındakı fikirlər əsasında gələcəkdə Azərbaycan haqqında yeni kitablar yazıla bilər".

O, qeyd edib ki, kitab problemlərin qoyuluşu, faktların xarakteri və təqdimi, müəllif mövqeyinin şərhi baxımından orijinallığı, özünəməxsusluğu, dərin müşahidələri və unikallığı ilə diqqəti cəlb edir.

T.Heydərov deyib ki, müəllif müasir dünyanın qlobal problemlərinin irəli sürülməsi və onların izahı zamanı standart yanaşmalardan fərqli, alternativ və diskussiyalı mülahizələrə üstünlük verib: "Bu və ya digər məsələlərə dair çox sayda faktların məharətlə ümumiləşdirilməsi və uyğun nəticələr çıxarılması müəllifin predmetə dərindən bələd olmasından və qeyri-adi erudisiyasından xəbər verir".

Müəllifin kitabın Azərbaycan dilinə tərcüməsinə yazdığı "Ön söz"də kitabın məqsədi kontekstində Azərbaycanın tarixi, müasir vəziyyəti və dünyada yeri haqqında obyektiv fikirlər ifadə olunub. "Ön söz"də deyilir: "Zəngin linqvistik, dini, musiqi, ədəbi və rəqs irsi ilə birlikdə, Azərbaycanın müasir dünya ilə münasibətlərini formalaşdıran onun təbii ehtiyatlarıdır. Ölkənin yalnız zəngin təbii qaz və nefti deyil, eyni zamanda, kənd təsərrüfatındakı qədim ənənələri, nəqliyyat və kommunikasiya qovşağı kimi sürətli inkişafı gələcəyə nikbin baxmağa imkan verir".

Kitabın digər redaktoru Kərim Şükürovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti