Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.
Ölkədə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən ölkəmizin şəhər və rayonlarında mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, uzunluğu 14,2 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəlidir. Tikinti işləri zamanı yolun Qaraçay üzərində olan hissəsində iki körpü inşa olunub. Bundan başqa, yol boyunca suötürücülər və avtobus dayanacaqları tikilib. Bu yolun əhəmiyyətini artıran ən mühüm amil onun 8 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edəcəklər.
Qeyd olundu ki, avtomobil yolu həm rayonun nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin iqtisadiyyatın və turizmin inkişafında mühüm rola malik olacaq. Beləliklə, son illərdə ölkəmizin yol-nəqliyyat strukturunda baş verən əsaslı dəyişikliklər regionlarda da özünü büruzə verir. Rayon mərkəzlərinin küçə və yolları abadlaşdırılır.