...

Azərbaycan beynəlxalq birliyi Ermənistanın mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığına son qoymağa çağırıb

Siyasət Materials 27 Sentyabr 2014 05:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Azərbaycan beynəlxalq birliyi Ermənistanın mülki əhaliyə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığına son qoymağa çağırıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov şənbə günü BMT-nin Baş Assambleyasının 69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.

Nazirin bildirdiyinə görə, zorakılıq və kövrək durum inkişafa qarşı ən böyük maneə olaraq qalmaqdadır. Dünya birliyi hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozulması halları ilə üzləşir. Xalqlar dünya boyunca dağıdıcı müharibələr, təcavüz, hərbi işğal və etnik təmizləmədən hələ də əziyyət çəkməkdə davam edirlər.

İyirmi ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir. Ermənistan 20 faizə yaxın Azərbaycan ərazisini işğal etmiş, bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirmiş və bunun nəticəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. İşğal edilmiş ərazilərdə və Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri dağıdılmaya məruz qalmışdır, Elmar Məmmədyarov qeyd edib.

Nazirin sözlərinə görə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü və zor tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini təsbit edən dörd qətnamə qəbul etmişdir. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan əlavə, BMT-nin Baş məclisi, Qoşulmama hərəkatı, İslam əməkdaşlıq təşkilatı və çoxsaylı digər regional təşkilatlar Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsiplər əsasında həllini tələb edən müxtəlif qərarlar qəbul etmişlər.

Təəssüf ki, Ermənistan tərəfindən yuxarıda qeyd olunan bu qətnamələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə məhəl qoyulmur və Ermənistan Azərbaycan torpaqlarının hərbi işğalını davam etdirir, XİN rəhbəri bildirib.

Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qoyulması nəticəsində cəbhə xətti yaxınlığında yaşanan sakinlərin ölümü və yaralanması halları baş verir. Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulmuş, onların bəziləri hətta öldürülmüşdür.

"Məhz bu səbəbdən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığın sona çatdırılmasında beynəlxalq birliyin daha aktiv mövqe nümayiş etdirməsi zəruridir. Cəzasızlığın qarşısının alınması davamlı sülhün və barışığın təmin edilməsi baxımından əhəmiyyətlidir", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti