İngilis xəbərlər xidmətinin baş redaktoru
Klod Salhani - Trend:
Bəzi keçmiş Sovet ölkələrində Qərb dünyasının nümayəndələri, xüsusilə bəzi Qərb KİV-ləri və real həyat arasında daimi əlaqə kəsintisi mövcuddur. Bu kəsinti Qərbin bəzi nümayəndələrinin Mərkəzi Asiyanın keçmiş Sovet respublikalarında həyatın məhbus düşərgələrini xatırlatması ilə bağlı formalaşdırdığı öncədən səhv ideyalara görə baş verir.
Həqiqətən də belə yerlər hələ mövcuddur, lakin "stan" sonluğu olan bütün ölkələrin hamısının eyni olmadığı da doğrudur.
Düzdür, keçmiş Sovet məkanında həyat şəraitinin çətin, iqtisadiyyatın bərbad, yüksək işsizlik səviyyəsinin olduğu, məxfi polisin İosif Stalinin hələ də Kremldən əmr verdiyinə inandığı (və ya onlar ən azından özlərini elə aparırlar ki, sanki belə hesab edirlər) və növbəti dövlət çevrilişinin uzaqda olmadığı ölkələr var. Azərbaycan isə həmin ölkələrin sırasına daxil deyil.
Az məlumatlı olduqları ölkəyə qısa müddətə gələn bir çox əcnəbi jurnalistlərin bədbəxtliyi ondadır ki, onlar çox vaxt yekun nəticədə məqalələrinə əlavə effekt verəcəklərini və bu və ya digər sahədə ekspert olmaları təəssüratı yaradacaqlarını düşündükləri vacib söz və ifadələrin həddən artıq istifadəsinə arxalanırlar.
Məsələn, onlar hesab edirlər ki, seçkilərdə növbəti dəfə xeyli səs çoxluğu ilə qalib gəlmiş xarici lideri təsvir edərkən "despot", "rejim" və ya "insan haqlarının pozulması" kimi ifadələrdən istifadə onların məqaləsini mötəbər edir.
Ola bilsin, bunu ən yaxşı İtaliyanın Astanadakı səfiri izah edib. O, bir neçə il əvvəl Avropa İttifaqı tərəfindən Qazaxıstanda müşahidəçi qismində seçilmişdi. Səfir mənə dedi ki, bu işə başlamağı səbirsizliklə gözləyirdi, çünki bu ona seçkilərdə məhz nəyin baş verdiyini başa düşməyə imkan verərdi.
İlk sürpriz onu müşayiət edən gənc qazaxıstanlı tərcüməçiyə kimə səs verəcəyi sualını verərkən oldu. Tərcüməçi qadın çox düşünmədən cavab verdi: "Əlbəttə ki, Nazarbayevə".
Səfir təəccüblənmişdi. Çox güman həyatında birinci dəfə səs verən gənc qadının Kommunist Partiyasının lideri olmuş, sonra isə ölkəni və siyasətini zamanın tələblərinə uyğunlaşdıran şəxsin hakimiyyətdə qalmasına səs vermək nəyinə lazımdır?
Tərcüməçi qadın dedi: "Qazaxıstanın stabil iqtisadiyyatı var, işsizlik aşağı səviyyədədir və ya demək olar, mövcud deyil, ölkədə ümumilikdə siyasi sabitlik hökm sürür. "Stan" sonluğu ilə bitən ölkələrin heç birində qazaxıstanlı mühacir yoxdur". Üstəlik, Qazaxıstanda Mərkəzi Asiyanın digər ölkələrindən olan on minlərlə, bəlkə də daha çox mühacir var. Bu öz-özlüyündə ölkədə vəziyyətin necə olmasından xəbər verir.
Eyni sözləri Azərbaycan haqqında da demək olar. Azərbaycan Qazaxıstan kimi, keçmiş Sovet məkanında uğurlu iqtisadi tarixə malikdir. Xatırlamaq lazımdır ki, kommunizm zamanı avtoritar rejimdən genişmiqyaslı demokratiyaya keçid olduqca çətin prosesdir. Bu proses düzəlişlər məqsədi ilə yolunda çoxlu dayanmaları tələb edir. Baltikyanı və Şərqi Avropa ölkələri ilə müqayisədə keçmiş Sovet respublikalarının xalqlarının müasir özünüidarəetmə tarixi və ya idarəetmənin demokratik formaları yoxdur.
Tam demokratiyaya keçid ehtiyatla həyata keçirilməlidir, xüsusilə, Rusiyanın regionun hegemonu olduğu Cənubi Qafqazda, Azərbaycanda. Rusiyadan Bakıya maşınla 3 saatdan da az vaxta çatmaq olar (T-90 tankı ilə isə bir qədər çox).
Cənubda səmimi münasibətləri olduğu İran yerləşir, lakin İranın yaxın tarixini nəzərə alaraq, azərbaycanlılar daim ehtiyatla hərəkət etməlidirlər. Gürcüstan da bir neçə saatlıq məsafədə yerləşir. Bu ölkəyə bir neçə il öncə Rusiya qoşunları təkrarən hücum etdilər. Nəhayət, Azərbaycanın müharibə şəraitində olduğu Ermənistan. Belə vəziyyətdə hər şeyi korlamaq asandır. Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı kimi eyni yanaşmanı tətbiq etdi: iqtisadiyyatı möhkəmləndirərək insanlara demokratiya vermək.