...

Avropa ABŞ-ı qınayacaqmı?

Siyasət Materials 26 Noyabr 2014 19:24 (UTC +04:00)
Maraqlıdır, Avropa Parlamentinin rəhbəri nümayişçiləri qovarkən gözyaşardıcı qaz, su şırnaqları və digər vasirələrdən istifadə edən ABŞ hakimiyyətini pisləyəcəkmi? Onlarla etirazçının saxlanılmasına görə qəzəbli bəyanat verəcəkmi?
Avropa ABŞ-ı qınayacaqmı?

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Son vaxtlar Avropa Azərbaycanla qarşılıqlı siyasi əlaqələrdə "əgər yeməsəm, heç olmasa dişləyərəm" prinsipindən çıxış edir. Bu gün də istisna olmayıb. Belə ki, bu gün Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Andrey Saxarov adına "Fikir azadlığı uğrunda" mükafatın təqdim edilməsi mərasimində Avropa Parlamentinin (AP) rəhbəri Martin Şults Azərbaycana qarşı növbəti dəfə "tələblər" və "etirazlar"la çıxış edib.

Yaxşı ki, mükafat laureatlarını və qalibini cənab Şults seçmir, çünki bu mükafatın nominantlarına baxsaq görərik ki, Avropa Parlamentində sağlam düşüncə qalib gəlib.

Mükafat üsyançılar və hərbçilər tərəfindən zorlanma nəticəsində xəsarət alan qadınlara tibbi və psixoloji yardım üzrə ixtisaslaşan xəstəxananın əsasını qoyan konqolu ginekoloq Deni Mukveqeyə təqdim olunub.

Nominantlar arasında "Avromaydan" etiraz hərəkatı və dövlətə xəyanətdə ittiham olunan Azərbaycanın qeyri-hökumət təşkilatının rəhbəri Leyla Yunus da olub.

Mükafatın Vətəni satmağa, onu dağıtmağa, xaos yaratmağa görə deyil, yaradıcı fəaliyyətə, xəstəxananın inşasına, insanlara yardıma görə təqdim edilməsi tərifəlayiqdir.

Cənab Şultsa gəlincə, onu haradasa "başa düşmək" olar. Bu gün Azərbaycanı yalnız tənbəl adam danlamır və görünür, o da kənarda qalmaq istəmir. Bakıya "hücumlar" özünəməxsus Qərb modelidir və Avropa Parlamentinin rəhbəri, şübhəsiz, bundan kənarda qalmaq istəmir.

Hərçənd, prinsipcə son tendensiya ABŞ hakimiyyətinin Ferqyuson şəhərində etiraz aksiyalarını dağıdarkən zorakı hərəkətlərinin qınanılmasıdır. Maraqlıdır, Avropa Parlamentinin rəhbəri nümayişçiləri qovarkən gözyaşardıcı qaz, su şırnaqları və digər vasirələrdən istifadə edən ABŞ hakimiyyətini pisləyəcəkmi? Onlarla etirazçının saxlanılmasına görə qəzəbli bəyanat verəcəkmi?

Çox güman ki, xeyr. Görünür, dəb Avropa Parlamenti üçün seçim xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti