Ərəb xəbərlər xidmətinin rəhbəri
Rufiz Hafizoğlu - Trend:
2014-cü il Türkiyə siyasi həyatında bir çox hadisələrlə yadda qaldı. 2013-cü il dekabrın 17-dən başlayaraq bu günə qədər davam edən hadisələrə nəzər yetirilsə, bu dövrün Türkiyə üçün o qədər asan keçmədiyini görmək olar.
Postmodern inqilab və Fətullah Gülən
2010-cu ildə bəzi hərbçilərin "Balyoz" (gürz) adlı çevriliş planının qarşısının alınmasından sonra ölkədə çevrilişlərin sona çatdığı düşünülürdü. Lakin 2013-cü ilin 17 dekabrında baş verən hadisələri sözün əsl mənasında polis və məhkəmə sisteminin simasında Fətullah Gülən hərəkatının hakimiyyətə qarşı hazırladığı çevriliş kimi qiymətləndirmək olardı.
Baş verən rüşvət qalmaqalından sonra iqtisadiyyat naziri Zəfər Çağlayan, ətraf mühit naziri Ərdoğan Bayraqdar, daxili işlər naziri Müəmmər Gülər, daha sonra isə Avropa İttifaqı işləri üzrə nazir Egemen Baxış istefa verdilər. Nazirlərin istefasından sonra hakimiyyət sıralarında istefa dalğası gözlənildiyi vaxt ölkənin o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqladı. Atılan addım ciddi dövlət ənənəsinə sahib Türkiyə üçün qaçılmaz idi.
Cümhuriyyətin ən önəmli bələdiyyə seçkiləri
Baş verən digər önəmli hadislərdən biri isə 30 martda Türkiyə üçün böyük əhəmiyyət kəsb edən bələdiyyə seçkilərinin keçirilməsi idi.
Bələdiyyə seçkilərinə hazırlığın və rəqabətin fevralın 18-dən başladığı elan edilsə də, ölkədə baş verən hadisələrə nəzər salsaq, bunun daha öncədən start götürdüyünü görmək olardı. Ən azından ona görə ki, istər hakim partiya, istərsə də müxalifət 30 mart seçkilərinə "hesab günü" kimi baxırdılar. Digər bir tərəfdən, Ədalət və İnkişaf Partiyasının (AKP) 2002-ci ildə hakimiyyətə gəlişi və 12 il hakimiyyətdə qalması digər siyasi partiyaların AKP ilə müqayisədə zəif olduğunun göstəricisidir.
Prezident seçkiləri və "Yeni Türkiyə"
Digər yaddaqalan məqamlardan biri də, heç şübhəsiz ki, avqustun 10-da ilk dəfə xalqın iştirakı ilə keçirilən prezident seçkiləri idi. Seçkilərdə Ərdoğandan başqa hər hansı namizədin qalib gələcəyi inandırıcı deyildi. Onun prezident seçkilərində qələbə qazanması AKP-nin zəfəri ilə yanaşı, Misirdəki "Müsəlman qardaşlar" təşkilatının siyasi iflasa uğraması fonunda Türkiyənin "neoosmanizm" düşüncəsinə alternativin olmadığını söyləməyə əsas verir. Məhz bu qalibiyyət AKP-nin 2015-ci ilin iyun ayında keçiriləcək parlament seçkilərində də qələbə qazanacağını söyləməyə əsas verir.
"Xilafət"lə qonşuluq
"İslam Dövləti" terror qruplaşmasının İraq və Suriya ərazilərində özünü "xilafət" elan etməsi, bölgədə sabitliyin olmaması Türkiyədən yan keçə bilməzdi. Bu isə Türkiyəni döyüş meydanına çevirmək istəyində olan terrorçu qüvvələr üçün qaçılmaz fürsət idi.
Belə ki, Suriya, İraq və Türkiyədəki kürd amilindən faydalanmağa çalışan PKK terror təşkilatı və PYD (Partiya Yekitiya Demokrat - Demokratik Birlik Partiyası) tərəfdarları Suriyanın Aynul Arab (Kobani) şəhərində "İslam Dövləti" terror qruplaşmasının kürdləri öldürməsini bəhanə gətirərək Türkiyədə kütləvi etiraz aksiyalarına başladılar. Məqsəd isə 2009-cu ildə başladılan və kürdlərlə barışığı nəzərdə tutan "demokratik açılım" ("Çözüm süreci") prosesinin yarımçıq qoyulması idi.
Fətullah Gülən və hakimiyyət qarşıdurması
Keçən ildən başlayaraq bu günə kimi davam edən Fətullah Gülən hərəkatı-hakimiyyət qarşıdurmasının məntiqi ardıcıllığı və hakimiyyətin özünü qoruma instinkti kimi ölkə məhkəməsi Gülənin həbsinə qərar verdi. Məsələ ilə bağlı açıqlama verən ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan "paralel struktur" adlandırılan "Hizmət" hərəkatı üzərində qələbəsini elan etsə də, hələki "inqilab" liderinin ABŞ-dan ekstadisiyası mümkün olmayıb. Bu isə öz növbəsində istər-istəməz 2015-ci ildə keçiriləcək parlament seçkilərində əksini tapacaq.
Türkiyə-Rusiya, Türkiyə-Aİ münasibətləri, dəyişən maraqlar
2014-cü ilin ən yaddaqalan məqamlarından biri də Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və Ankaranın Avropa İttifaqının ünvanına kəskin bəyanatları oldu.
Krım hadisələrindən sonra Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar Ankara üçün sözün əsl mənasında fürsət oldu. Ankara və Moskva arasında "Türk axını" qaz layihəsinin həyata keçirilməsi ilə bağlı müzakirələr və "Akkuyu" atom elektrik stansiyasının tikilməsi bir vaxtlar inanılmaz görünən Moskva-Ankara ittifaqının qaçılmazlığını bir daha sübut etdi.
Moskva ilə Ankara arasındakı tarixi fürsət hesab edilən yaxınlaşmanın regiona da öz ciddi təsirini göstərəcəyi ehtimal edilir. Belə ki, Ermənistanın Rusiya ilə müttəfiqliyinin Moskva üçün əvvəlki illərdə olduğu kimi, birinci deyil, arxa plana keçəcəyi güman olunur.
Ankara-Aİ münasibətlərinə gəlincə, ölkə rəsmilərinin son aylar Aİ ünvanına səsləndirdiyi fikirlər onu söyləməyə əsas verir ki, üzvlük üçün aparılan islahatların davam etməsinə baxmayaraq, Aİ Ankara üçün öz mahiyyətini itirib. Bu isə Aİ-nin Türkiyəyə qarşı apardığı ikili standartların nəticəsidir.
Konkret olaraq 2015-ci ilə gəlincə isə, gələn ilin də Türkiyədə ciddi hadisələrlə yadda qalacağını söyləmək olar. Belə ki, qondarma erməni "soyqırımı"nın 100 illiyi, parlament seçkiləri və yeni konstitusiyanın qəbulu gələn ilin prioritet məsələlərindən olacaq.