...

Prezident İlham Əliyev "Xəyal Adası" layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 12 Yanvar 2015 15:23 (UTC +04:00)
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev "Xəyal Adası" layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərsun Holdinq" Şirkətlər Qrupunun "Xəyal Adası" layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.

"Azərsun Holdinq" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına "Xəyal Adası"nda görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən "Xəyal Adası"nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.

Azərbaycan Prezidenti "Xəyal Adası" qolf klubunda yaradılan şəraitlə də tanış oldu.

Dövlətimizin başçısına burada qolf oyunlarında istifadə olunan avadanlıq və klub-kar barədə məlumat verildi.

"Xəyal Adası"nın layihəsi ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. "Xəyal Adası" layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Buna görə də layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır.

Dövlətimizin başçısı layihədən bəhs edən videoçarxa baxdı.

Qeyd olundu ki, "Xəyal Adası"nda "ASAN xidmət" mərkəzi də yaradılacaq. Burada fəaliyyət göstərəcək məktəb kompleksində uşaq bağçası, aşağı və yuxarı siniflər üçün təhsil, gimnastika və idman binaları, futbol meydançası istifadəyə veriləcək. Bunun üçün təhsil sahəsində keyfiyyəti ilə fərqlənən "SABİS" sisteminin tətbiq olunduğu məktəblər şəbəkəsi seçilib. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən "Xəyal Adası"nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması da nəzərdə tutulub. "Xəyal Adası" layihəsinin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin və qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.

Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzdi.

Bildirildi ki, beynəlxalq səviyyəli yarışların təşkil edilməsinə imkan verəcək 18 çalalı qolf sahəsində son tamamlama işləri aparılır.

Son illərdə Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində idmanla məşğul olanların sayının sürətlə artması müşahidə edilir. "Xəyal Adası"nda qolf klubunun yaradılması bir daha təsdiqləyir ki, Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qolf klubundakı şərait dünya standartlarına tam cavab verəcək. Buna görə də gələcəkdə burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada yaradılan Qolf Akademiyası isə gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində böyük rol oynayacaq.

Prezident İlham Əliyev Qolf Akademiyasında yaradılan şəraitlə də tanış oldu. Burada idman avadanlığı mağazası və kafe də fəaliyyət göstərəcək. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.

Sonra dövlətimizin başçısı ərazini gəzdi, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış oldu. Qeyd edildi ki, layihədəki otel, ticarət mərkəzləri, məktəb kompleksi, villalar, mənzillər, göllər və peyzaj sahələrində tikinti işləri davam edir. İlkin mərhələdə kommunal xidmətlər üçün nəzərdə tutulmuş infrastruktur artıq hazırdır. Villalarda və mənzillərdə isə beton işləri başa çatıb. Fasad və kosmetik işlər isə yekunlaşmaq üzrədir. Layihənin reallaşmasında iki mindən artıq yerli işçi çalışır. "Xəyal Adası" həm də ətraf ərazilərdə yaşayan insanlar üçün böyük məşğulluq mərkəzi olacaq. Belə bir layihənin həyata keçirilməsi həm də turizm sektorunun inkişafına mühüm töhfə verəcək.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti