...

Azərbaycan səfirinin Misir telekanalına müsahibəsi

Siyasət Materials 24 Fevral 2015 20:04 (UTC +04:00)
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Ş.Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik “Nil Əl-Əxbar” televiziya kanalına müsahibə vermişdir.
Azərbaycan səfirinin Misir telekanalına müsahibəsi

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik "Nil Əl-Əxbar" televiziya kanalına müsahibə vermişdir.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, proqramın əvvəlində aparıcı tərəfindən Azərbaycanın coğrafi və siyasi vəziyyəti barədə məlumat verilərək, Misir-Azərbaycan əlaqələrinin inkişaf dövrünə toxunulmuş, 26 fevral tarixində Azərbaycan xalqının Xocalı soyqırımının 23-cü ildönümünü qeyd etdiyi vurğulanaraq, Xocalı qətliyamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər barədə məlumat verilmiş, cari ilin 20 fevral tarixində Misirin Qahirə Universitetinin tələbələri tərəfindən "Əl-Əzhər" parkında "Xocalıya ədalət!" kompaniyası adı altında yürüş keçirilməsi, şəhidlərin xatirəsini əziz tutmaq məqsədilə şamlar yandırılması xüsusilə qeyd edilmişdir.

Səfir veriliş zamanı cari ilin 15 fevral tarixində Liviyada iyirmi bir misirlinin terror təşkilatı "İŞİD" tərəfindən vəhşicəsinə qətlə yetirilməsini pisləyərək, Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı vermiş, digər tərəfdən Azərbaycanın terrordan əziyyət çəkən, eyni zamanda terrora məruz qalan ölkə olduğunu qeyd edərək, ölkəsinin terrorun bütün forma və təzahürlərinə qarşı olduğunu bildirmişdir. Səfir 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycanda 30-dan çox terror aktının törədildiyini qeyd edərək, 2000-dən çox azərbaycanlının həlak olduğunu diqqətə çatdırmışdır.

Ş.Abdullayev Azərbaycanın 90-cı illərin əvvəllərində yenidən müstəqilliyini bərpa etdiyi zaman Sovet ordusunun maddi-texniki və hərbi dəstəyi ilə Ermənistanın apardığı işğalçı və etnik-təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bir milyondan çox qaçqının məcburi şəkildə öz tarixi yurdlarından çıxarılması barədə danışmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi müstəvisinə toxunan səfir BMT TŞ tərəfindən sözügedən münaqişə ilə bağlı 1993-cü ildə dörd qətnamənin qəbul olunduğunu qeyd edərək, indiyədək Ermənistan tərəfindən qətnamələrin tələblərinin yerinə yetirilmədiyini bildirmişdir. Səfir beynəlxalq təşkilatların verdiyi qərarların ikili standartlara söykəndiyini, bir ölkəyə münasibətdə tətbiq olunaraq, digərinə münasibətdə icra olunmadığına diqqət çəkmişdir.

Ş.Abdullayev Xocalı soyqırımına toxunaraq, faciənin 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyini və bir gecədə 613 dinc sakinin amansızcasına qətlə yetirildiyini diqqətə çatdırmış, soyqırım zamanı törədilmiş vəhşiliklər barədə geniş məlumat vermişdir.

Daha sonra səfir bu yaxınlarda Qahirə universitetinin tələbələrinin həmin faciə ilə bağlı keçirdiyi yürüşə görə onlara öz təşəkkürünü bildirmiş və "Xocalıya ədalət!" kompaniyasının beynəlxalq kompaniya olduğunu, dünyanın bir çox ölkələrində həmin kompaniyanın keçirildiyini diqqətə çatdırmışdır.

Misir-Azərbayan əlaqələrinə toxunan Ş.Abdullayev iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd etmiş, beynəlxalq müstəvidə iki ölkə arasında mövcud olan əməkdaşlıqdan danışmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti