...

Deputat: Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyası aparan qara qüvvələr arzularına çata bilməyəcəklər (FOTO)

Siyasət Materials 12 Mart 2015 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malikdir. Kimsə, hansısa qüvvə I Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırsa, demək ki, o Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır. Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək və bir ilkə imza atacaq.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev bəzi beynəlxalq və yerli təşkilatların Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı xoşagəlməz rəy formalaşdırmaq cəhdləri ilə bağlı münasibət bildirərkən deyib.

Ü.Quliyev qeyd edib ki, bu məsələ ilə bağlı insanlara yanlış məlumatlar vermək istəyənlər, ölkəmizə qarşı qarayaxmalar var: "Onlar bu çirkin əməllərini davam etdirmək istəyirlər. Amma bilmək lazımdır ki, I Avropa Oyunları Azərbaycan üçün, onun təbliğatı üçündür. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət konkret nəticəyə hesablanmış siyasətdir. İnanıram ki, I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi Azərbaycan üçün xüsusi rol oynayacaq. Prezident İlham Əliyev bu günə qədər nəticəsi görünməyən hər hansı layihəyə imza atmayıb. Ona görə də heç şübhəniz olmasın ki, birinci Avropa Oyunları Azərbaycan üçün böyük nəticələr gətirəcək. Dövlətimiz və milli maraqlarımız təbliğ ediləcək. Yadınızdadırsa, Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləndə də müxtəlif qarayaxma kampaniyası ilə məşğul olanlar, Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlər var idi. O zaman Azərbaycan bu işin öhdəsindən çox yüksək şəkildə gəldi və hesab edirəm ki, Azərbaycandakı görülən bu işlər "Eurovision" tarixində yadda qaldı. O zaman "Cristal Hall" inşa olundu və bu gün dünyanın ən mükəmməl zallarından biri olaraq azərbaycanlıların ixtiyarındadır. Həmin "Cristal Hall"-a baş çəkən nəinki azərbaycanlılar, hətta əcnəbilər də heyrətə gəlirlər. Mən hesab edirəm ki, I Avropa Oyunları ilə bağlı tikilən idman obyektləri də eyni nəticəni verəcək".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanı istəməyən qüvvələr var və bu qüvvələrin fəallaşmasının səbəbi də məlumdur: "Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz sözünü deyə bilir. Bu da həmin qüvvələrin istəyinə uyğun deyil və onlar Azərbaycanı tam müstəqil görmək istəmirlər. Ona görə hər vəchlə bunun qarşısını almağa çalışırlar. Təbii ki, Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyası aparan qara qüvvələr bu arzularına çata bilməyəcəklər. Ətrafımızdakı ölkələrə baxın. MDB məkanında vəziyyət hansı şəkildədir. Amma Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində ölkəmiz bütün bəlalardan özünü sığortalaya bilir".

Federasiyanın prezidenti hesab edir ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinin özü ilk növbədə tarixi, idman hadisəsidir: "Nəzərə alınmalıdır ki, Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə birinci Avropa Oyunlarında təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, demək ki, ölkəmizin təbliğatında birinci Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Birmənalı şəkildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün tamamilə yeni bir səhifə açır. Azərbaycanın adət-ənənələri, mədəniyyəti, tarixi, milli xüsusiyyətlərinin gələn qonaqlara çatdırılmasında birinci Avropa Oyunlarının müstəsna əhəmiyyəti olacaq. Bu, həm də turizmin inkişafına böyük töhvə olacaq. I Avropa Oyunları ilə əlaqədar mükəmməl Təşkilat Komitəsi yaradılıb və bizim hörmətli millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Təşkilat Komitəsinə rəhbərlik edir. Mükəmməl, zövqlə, dünya standartlarına uyğun şəkildə təşkilati işlər aparılır. Baxın, burada bir haşiyəyə çıxmaqla bu oyunların əhəmiyyətini diqqətə çatdıracağam. Bu gün Amerika Birləşmiş Ştatlarının 17 ştatı Xocalı soyqırımını tanıyıb. Bu, bir gündə, bir ayda, bir ildə görülən işlərin nəticəsidirmi? Xeyr! Bu, Azərbaycan dövlətinin uzun müddətdən bəri apardığı siyasətin nəticəsidir. I Avropa Oyunlarında Azərbaycanın təbliği üçün kifayət qədər münbit şərait yaranır. Təbliğatın nəticəsi 1 gündə özünü göstərə bilməz. Bu təbliğat bir neçə ildən sonra, bəlkə də 10-20 ildən sonra öz bəhrəsini verəcək. Ona görə də gəlin hələ tələsməyək".

Ü.Quliyev, həmçinin bu Avropa Oyunlarının karatenin olimpiya idman növləri sırasına salınmasına təsir edəcəyini də istisna etməyib: "Çox təəssüf ki, bu günə qədər karate olimpiya oyunlarına salınmayıb. Ancaq artıq Avropa Oyunlarına salındısa, ümumən dünya karateçilərinə, eyni zamanda, bizə, Azərbaycan karateçilərinə böyük hədiyyədir. Buna görə bütün dünya karateçiləri cənab Prezidentə minnətdardılar. Bu, bizim üzərimizə məsuliyyət qoyur və biz də məsuliyyətimizi hiss edirik. Eyni zamanda, bu etimadı doğrultmaq bizim borcumuzdur. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində olacaq. Ona görə də bu, bizim üçün çox sevindiricidir. Hesab edirəm ki, Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməklə karatenin olimpiya oyunlarınasalınmasına yol açacaq. Karate təlim, tərbiyə deməkdir. Əminik ki, Azərbaycan karateçiləri bu oyunda öz sözlərini deyə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti