...

Azərbaycanda yeni dövlət qurumu yaradıldı və rəhbəri təyin edildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Mart 2015 19:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Azərbaycanda yeni dövlət qurumu yaradıldı və rəhbəri təyin edildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd olunub ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "Cəmiyyət") yaradılsın.

Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Müəyyən edilsin ki, Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

3.1. Azərbaycan Respublikasının Prezidenti:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;

3.1.2. Cəmiyyətin Baş direktorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Nazirlər Kabineti cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarını müəyyən edir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təklifləri əsasında Cəmiyyətin inkişaf istiqamətlərini müəyyən olunaraq təsdiq edir.

Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəəti və zərərini bölüşdürür.

Nəqliyyat Nazirliyi Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verir. Cəmiyyətin Baş direktorunun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Cəmiyyətin Təftiş Komissiyası üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir.

Bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələləri həlli edir.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ya ləğv edilməsinə, həmçinin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğv edilməsinə razılıq verir.

Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti Cəmiyyətin Nizamnaməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etməlidir.

Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması üçün iki ay müddətində dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılması məsələsini həll etməlidir.

Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksin tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla, dəniz limanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, dəniz limanlarının sahibkarlıq fəaliyyətinin təşviqi, o cümlədən vergi və gömrük sahələrində stimullaşdırıcı tədbirlərin tətbiqi, habelə dəniz limanları ilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası arasında səmərəli səlahiyyət bölgüsü ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etməlidir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməlidirlər.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Dövlət başçısının digər sərəncamı ilə Taleh Məhəmməd oğlu Ziyadov "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti