Azərbaycan, Bakı, 1 iyul /Trend/
Avstraliya Federal Parlamentində 20 nəfərdən ibarət Avstraliya - Azərbaycan Parlament Qrupu yaradılıb.
Trend-in Azərbaycanın Avstraliyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, hakimiyyətdəki Koalisiyaya daxil olan Liberal partiyadan Lyuk Simpkins (Luke Simpkins) qrupun sədri, müxalifətdəki Leyborist partiyasından Alan Qriffin (Alan Griffin) isə sədr müavini seçiliblər.
Parlament qrupuna Avstraliya Leyborist partiyasının nüfuzlu üzvlərindən Entoni Albanez (Anthony Albanese), Lauri Ferqyuson (Laurie Ferguson), Maykl Denbi (Michael Danby), Kler Muur (Claire Moore), Uorren Snoudon (Warren Snowdon), Mariya Vamvakinu (Maria Vamvakinou), hakim koalisiyaya daxil olan Milli partiyanın (National Party) üzvü Con Kobb (John Cobb) və digərləri daxildirlər.
Məlumata görə, L.Simpkins, A.Qriffin və C.Kobb bu yaxınlarda Azərbaycana səfər edərək Milli Məclis, Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Dillər Universiteti və "ADA" Universitetində görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Məlumatda qeyd olunur ki, Avstraliya - Azərbaycan Parlament Qrupunun yaradılması iki ölkə parlamentləri arasında əməkdaşlığın və ümumilikdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır.
Bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisində yaradılmış Azərbaycan - Avstraliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili kimi Avstraliya - Azərbaycan Parlament Qrupu iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək.