...

Azərbaycan Prezidenti İtaliyanın Baş naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 10 İyul 2015 00:08 (UTC +04:00)
İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İtaliyanın Baş naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub.

Əvvəlcə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu.

"Kici" sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Baş nazir Matteo Renzi qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Baş nazir Matteo Renzi fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Baş nazir Matteo Renziyə təqdim olundu.

Geniş tərkibdə görüşdə Baş nazir Matteo Renzi ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirdi, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasındakı ikitərəfli münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən Baş nazir ölkəsinin Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu bildirdi.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə təbriklərini çatdıran İtaliyanın Baş naziri "Milan Expo 2015" beynəlxalq sərgisində Azərbaycan pavilyonunun çox gözəl təşkil olunduğunu vurğuladı. O, sərgidə iştirakına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Baş nazir Matteo Renzi TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin önəmini vurğuladı. Azərbaycanda tolerantlığın yüksək səviyyədə təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nümunə olduğunu dedi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı.

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın məhz İtaliyada qəbul olunmasının rəmzi xarakter daşığıdını qeyd etdi. Dövlətimizin başçısı "Bakı-2015" birinci Avropa Oyunlarında İtaliyanın geniş nümayəndə heyəti ilə təmsil olunmasını yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti "Milan Expo 2015" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirildi. İnfrastruktur, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırıldı, qeyri-energetika sektorunda əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmi qeyd edildi, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti