...

Məhkəmədə şahidlər Leyla Yunusu ifşa etdi

Siyasət Materials 28 İyul 2015 12:39 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə şahidlər Leyla Yunusu ifşa etdi

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə veriblər. Məhkəmənin sədri iclasını açıq elan etdikdən sonra iclasa dəvət edilmiş şahidlərin - Hacıyeva Zərifə Cabir qızının, "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının təsisçiləri Manafova Adelə Əhməd qızı və İsmayılova Zemfira Eyyub qızının, L.Yunusun sürücüsü Ağayev İlqar Habil oğlunun dindirilməsi həyata keçirilib. Onlar ibtidai istintaq zamanı verdikləri ifadələrinə oxşar məzmunlu ifadələr veriblər.

Şahid Adelə Manafova göstərib ki, "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının təsisçilərindən biri olub, təşkilatın fəaliyyətində təxminən 3 il iştirak edib, sonradan isə təşkilatın fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb, o cümlədən L.Yunusun sədr müavini seçilməsi barədə qərar qəbul olunmasından, qrantların alınması və xərclənməsindən heç bir məlumatı olmayıb.

Digər şahid Zemfira İsmayılova da göstərib ki, sənədlərə əsasən o, da "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının təsisçilərindən biri olub. Lakin həmin təşkilatın fəaliyyətindən, L.Yunusun sədr müavini seçilməsi barədə qərar qəbul olunmasından, qrantların alınması və xərclənməsindən heç bir məlumatı olmayıb. Z.İsmayılova bildirib ki, SDİ-nin təsis olunmasına dair sənəddə onun imzası saxtadır.

Yunusovlar ailəsinin qeyri-rəsmi sürücüsü olmuş taksi sürücüsü İlqar Ağayev ifadə verərək bildirib ki, bu xidmətinə görə, ayda 300-350 manat arasında məvacib alıb, lakin göstərdiyi xidmətlə bağlı hər hansı müqavilə olmayıb.

Daha sonra həbsdə olan Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva şahid qismində ifadə verib. O, R.Mirqədirovdan 4 il öncə boşandığını bildirib. Z.Hacıyeva R.Mirqədirovla evli olduğu vaxtlarda L.Yunusun tez-tez R.Mirqədirovla telefonda danışdığını və tez-tez müxtəlif yollarla Ermənistana səfər etdiklərini deyib.

Proses zamanı Leyla Yunus yenidən qeyri-etik davranışlara yol verərək iclasda iştirak edən zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanovu təhqir edib, dövlət ittihamçısının və nümayəndənin məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etirazına əsasən, məhkəmə tərəfindən Leyla Yunusa bu davranışlarına son qoyması bildirilməsinə baxmayaraq, sonuncu məhkəmənin bu xəbərdarlığına əhəmiyyət verməyərək həmin davranışlarını davam etdirib.

Məhkəmə prosesi avqustun 3-də davam etdiriləcək.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti