...

Aydın Mirzəzadə: Leyla və Arif Yunus antimilli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar

Siyasət Materials 14 Avqust 2015 17:27 (UTC +04:00)
Azərbaycan məhkəməsinin Leyla və Arif Yunus barəsindəki qərarı ədalətli idi, bir daha hər kəsin qanun qarşısında məsuliyyət daşımasının təsdiqi idi. Leyla və Arif Yunus antimilli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar və tam qanunauyğun şəkildə cəzalandırılıblar.
Aydın Mirzəzadə: Leyla və Arif Yunus antimilli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan məhkəməsinin Leyla və Arif Yunus barəsindəki qərarı ədalətli idi, bir daha hər kəsin qanun qarşısında məsuliyyət daşımasının təsdiqi idi. Leyla və Arif Yunus antimilli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar və tam qanunauyğun şəkildə cəzalandırılıblar.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, YAP-ın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, L.Yunus və həyat yoldaşı A.Yunus Azərbaycana xəyanətdə, dövlətin əleyhinə digər ölkələrin xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda, eyni zamanda, maliyyə fırıldaqçılığında ittiham edilirlər. Onlara qarşı irəli sürülən ittihamların hamısı məhkəmədə təsdiqləndi: "Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla layiqli cəzalarını aldılar. Düzdür, müəyyən xarici dairələr onları müdafiə etməyə və vicdan məhbusu kimi qələmə verməyə çalışırlar. Onlar məhkəmədə élan olunan ittihamların mahiyyətinə toxunmadan hər iki şəxsi müəyyən yollarla cəzadan qurtarmağa çalışırlar. Təsadüfi deyil ki, hələ Leyla Yunusa ittiham irəli sürülməmişdən əvvəl, istintaqa çağırılan zaman o istintaq orqanına getməkdən imtina edirdi. Sonra isə Azərbaycandan qaçmağa çalışdı. Hesab edirəm ki, bu tip insanlara istinad edən, onlar vasitəsilə Azərbaycanda "5-ci kolon" yaratmağa, eyni zamanda, Azərbaycandan başqa ölkələrə kəşfiyyat xarakterli məlumatlar ötürməyə çalışan şəxslərin siyasəti bundan sonra da birmənalı şəkildə məğlubiyyətə uğrayacaq. Maraqlıdır ki, Leyla və Arif Yunusun həbsi ölkə müxalifətinin əksəriyyəti tərəfindən sükutla qarşılandı. Çünki onları müdafiə etmək bu şəxslərin törətdiyi əməllərı bölüşmək demək olardı".

A.Mirzəzadə qeyd edib ki, L.Yunus həbsini ilk növbədə özünün siyasi fəaliyyəti ilə bağlamağa çalışsa da, nədənsə Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı və xaricdən ünvanına milyonlarla dollar vəsaitin axın etməsi və bunu istədiyi kimi istifadə etməsinə aydınlıq gətirmək istəmədi: "Çünki onun bu məsələlərlə bağlı deyəcək sözü yox idi. Azərbaycan qanunvericiliyinə görə Azərbaycan vətəndaşları gəlirlərindən mütləq vergi verməlidirlər. L.Yunus Azərbaycan vətəndaşının bütün hüquqlarından istifadə etsə də, onun gəlirlərindən vergi vermək fikri yox idi. Bununla bağlı hər hansı addım da atmayıb. Bundan başqa, L.Yunus xaricdən aldığı qrantlar barəsində mütləq Ədliyyə Nazirliyinə məlumat verməli idi. O, bunlardan daima boyun qaçırıb. L.YUnus özünü qanundan üstün hərəkət edə bilən şəxs statusunda hiss edirdi. Bu mənada məhkəmə qərarı Azərbaycanın özünün dövlət müstəqilliyini, qanunların üstünlüyünü qorumaq əzmində olduğunu və bu məsələdə heç kəsə güzəştə getməyəcəyini göstərir".

Qeyd edək ki, avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru L.Yunus və həyat yoldaşı A.Yunus barəsində məhkəmə hökmü çıxarılıb. L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdə onların hər ikisinin bank hesablarına həbs qoyularaq bank hesablarındakı vəsaitin alınıb dövlətin hesabına köçürüləcəyi, Azərbaycanda, Türkiyədə və Çexiyada olan əmlaklarının müsadirə ediləcəyi bildirilib. Azadlıqdan məhrumetmə müddətləri bitdikdən sonra L.Yunus və A.Yunusun 2 il müddətində hər hansı vəzifə tutmaqları qadağan edilir. L.Yunus və A.Yunus cəzalarını ümumi rejimli islah-əmək müəssisəsində çəkəcəklər.

Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma; külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti