...

Mübariz Əhmədoğlu: İranın Ermənistana qarşı siyasəti yalnız məntiqə söykənməlidir

Siyasət Materials 18 Avqust 2015 14:41 (UTC +04:00)
Ermənistanda İran-Ermənistan münasibətləri barədə eyforiya mərhələsi başa çatdı. Ermənistanda həmişə İranı antiazərbaycan və antitürkiyə hesab ediblər. Ermənilər bu fikirlərində əsassız deyildilər.
Mübariz Əhmədoğlu: İranın Ermənistana qarşı siyasəti yalnız məntiqə söykənməlidir

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Ermənistanda İran-Ermənistan münasibətləri barədə eyforiya mərhələsi başa çatdı. Ermənistanda həmişə İranı antiazərbaycan və antitürkiyə hesab ediblər. Ermənilər bu fikirlərində əsassız deyildilər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.

Politoloq bildirib ki, İranda müəyyən qüvvələr ermənilərin belə inamı üçün əsas yaratmışdılar: "Amma indi realpolitik öz sözünü deyir. İranın Qərblə münasibətləri normallaşır. İran fərqli geosiyasi və maliyyə parametrləri ilə işləyəcək. İran qonşularına fərqli siyasət işləyib hazırlamalıdır. Qərblə İranın münasibətlərinin yaxşılaşması Ermənistanda nəşəli vəziyyət yaratdı. Lakin az keçmiş, İran Gürcüstan və Azərbaycana vizasız rejim tətbiq etdiyi halda, Ermənistana qarşı bunu etmədi. Ermənistan siyasi mühiti İranın bu addımından lazimi nəticə çıxardı. Başa düşdülər ki, İranla Ermənistan münasibəti onlar düşündüyü kimi deyil, problemlidir".

M.Əhmədoğlu deyib ki, Ermənistan İrana qarşı Qərbin sanksiyalarında iştirak edib: "Bunun üçün ABŞ-dan təşəkkürlər alıb. İran Mehri SES-i tikmək istəyirdi. Ermənistan bankları İranla bank əməliyyatlarına qadağa qoydu. ABŞ Ermənistan ərazisindən istifadə edərək, ABŞ və Ermənistan vətəndaşı olan erməniləri İranın ərazisinə casus kimi ötürdü. Ermənistan NATO xətti ilə Livana sülhməramlılar göndərməklə "Hizbullah"a qarşı vuruşmağa qarşı hazır olduğunu sübut etdi. Ermənistan Voroton SES-i ABŞ-a satdı. Voroton SES-i almaqda ABŞ-ın əsas məqsədlərindən biri də bu ərazidə radio-elektron casus cihazlar yerləşdirməklə İranın ərazisinə nəzarət etməkdir. Ermənistan dəfələrlə İranı öz layihələrindən qovub. Ona görə indi İranın Ermənistana münasibətinin formalaşmasının əsas səbəbkarının Ermənistan olduğunu desək, zərrə qədər yanılmarıq. Amma ortalığa qoyulan yeni geosiyasi parametrlər İrandan əlavə məsələləri də nəzərə almağı tələb edir".

Mərkəz rəhbəri vurğulayıb ki, Ordubad və Marazad SES-lərinin tikilməsi ilə bağlı İranla Azərbaycan arasında müqavilə imzalanmasının əsas səbəbi Mehri SES-in tikintisinin reallaşdırıla bilməməsi idi: "İran Mehri SES -i tikməzdən əvvəl Ordubad və Marazad SES-lərinin tikintisi ilə məşğul olmalıdır. Yeni reallıqlar İranın iqtisadi həyatını aktivləşdirəcəkdir. Bu həm də "Araz" AİZ-in işinin yenidən stimullaşmasını tələb edəcəkdir. "Araz" AİZ-in fəaliyyəti isə Araz qırağı ərazilərin işğaldan azad olunmasını tələb edir. İran öz siyasətində məntiqə söykəndiyini bildirir. Yuxarıdakı iki məsələ ilə əlaqəli fərqli addım atması məntiqsizlikdir".

M.Əhmədoğlu sonra əlavə edib ki, İran Avropaya qaz nəql etməyə hazırlaşır: "Amma bu gün İran Avropaya böyük miqdarda qaz nəql etməyə hazır deyil. İranın ildə Avropaya 30-35 milyard kub qaz nəql etmək üçün kəmər tikməli halı yoxdur. Həm də Avropa ilə İran arasındakı inamın indiki vəziyyəti belə külli miqdarda vəsait tələb edən layihələrin reallaşmasına əsas yaratmır. İran nəhəng qaz dövlətidir. Qaz ixracının nə olduğunu çox gözəl bilir. Əvvəlcə qazın bazarını tapmalısan, sonra isə qazı quyudan çıxarmalısan. Ona görə İran ildə 5-6 milyard kub metr qazını Avropaya nəql etməkdən başlamağa məcburdur. Bunun üçün Azərbaycanın hazır kəmərləri mövcuddur. İran bu kəmərlərin imkanlarından istifadə edə bilər. Ermənistan belə infrastrukturu yoxdur".

Poitoloq bildirib ki, Azərbaycan ildə 12 milyard kub metr qaz istehlak edir: "Bu rəqəm zaman keçdikcə artacaq. Gələcəkdə Aİ ilə İran arasında geosiyasi problemlər yaranacağı təqdirdə də yenə Azərbaycan İran qazını satın ala bilər. Azərbaycan özünün qazını tamamilə Avropaya satır. İran qazını isə öz daxili bazarının ehtiyacını ödəməyə yönəldə bilər. Ermənistan daxili istehlak bazarı isə 2 milyard kub metr hüdudlarındadır. Artım perspektivi çox azdır. Azərbaycan özünü təmin edən və müstəqil siyasət aparmağı bacaran dövlətdir. Ermənistan müstəqil deyil. Qapısının da, darvazasının da sahibi özü deyil. İran əgər Ermənistan ərazisi ilə kəmər çəkərsə, hansısa bir dövlətin diktəsi ilə Ermənistan istənilən anda İran qazının Avropaya nəqlini dayandıra bilər. İndi İran hətta Qatarın qazını Azərbaycanın infrastrukturu vasitəsilə Avropaya nəql etmək barədə düşünür. Bu İranın Azərbaycana, onun tərəfdaş kimi ciddiliyinə, müstəqil siyasət aparmasına inamının göstəricisidir. Bütün bu anlayışlar Ermənistan üçün yaddır. Ermənistan ictimai siyasi mühitininin qavradığı bir anlayış var: Konfliktogenlik və ya araqarışdıranlıq. İran-Azərbaycan münasibətlərinin indiki durumunda Ermənistanın bu arzusu işə yaramır. Çünki Ermənistan və Azərbaycanla siyasətində İran məntiqi pozacaqsa, digər müsəlman dövlətlərində xeyli itkiyə məruz qalacaq. Bu, İranın Qarabağ siyasətinə də aiddir. Ermənilər başa düşməlidirlər ki, Qarabağ məsələsində onların aşkar və ya gizli formada müttəfiqləri yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti