Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elmira Tarıverdiyeva/
Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi ABŞ, Aİ, Kanada və Norveçin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı iddialarını inkar edir və bu cür cəhdlərin ikitərəfli münasibətləri zəiflətdiyini düşünür. Trend xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Daimi Şurasının avqustun 19-da keçirilən iclası ilə bağlı xüsusi bəyanatında deyilir.
Xatırladaq ki, ATƏT-in ABŞ, Aİ, Kanada və Norveç nümayəndəliyi insan haqları ilə bağlı məsələdə Azərbaycanın ünvanına tənqidlər səsləndirmişdi.
Bəyanatda deyilir: "Azərbaycan ölkədə ayrı-ayrı fərdlərə qarşı aparılan cinayət işlərinin bilərəkdən siyasiləşdirilməsi və məhkəmə proseslərini təhrif etmək cəhdlərini qınayır. Azərbaycan ABŞ, Avropa İttifaqı və ona üzv olan dövlətləri, Kanada və Norveçi Azərbaycandakı məhkəmə sisteminin qərarlarına hörmət etməyə və cari hüquqi proseslərə müdaxilə etməməyə çağırır. Hesab edirik ki, bəzi anonim beynəlxalq missiyalar tərəfindən məhkəmələr barəsində irəli sürülən iddialar qüsurludur və məhkəmə sisteminə təzyiq xarakteri daşıyır".
Bəyanatda qeyd edilir ki, Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabərdir və fəaliyyətlərinə görə bərabər məsuliyyət daşıyırlar, bundan başqa, insan hüquqları müdafiəçisi və ya jurnalist olmaq heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir. Əks təqdirdə bu qanunsuzluq olardı ki, bu da Azərbaycan üçün qəbuledilməzdir.
Bəyanatda bildirilir: "Təəssüf doğuran məqam odur ki, insan hüquqlarının müdafiəsi məsələsindən "5-ci kolon"un yaradılması və cəmiyyətdəki stabilliyin pozulması üçün sui-istifadə olunur. İnsan hüquqlarının müdafiəsinin biznesə çevrilməsi və ondan əldə olunan gəlirlərin şəxsi bank hesablarına köçürülməsi narahatlıq doğurur. Azərbaycana çirkli pulların yuyulması və digər qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısını almaq üçün effektiv sistem qurmağa yardım etmiş bu dövlətlərin indi hökumətin şübhəli maliyyə köçürmələri, o cümlədən, vergidən yayınma cinayətləri üzrə apardığı işləri qınaması anlaşılmazdır. Ona görə də, biz bu qərəzli yanaşmanı rədd edirik".
Sonda bəyanatın müəllifləri "ABŞ, Avropa İttifaqı, Kanada, və Norveçi 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə, onların doğma torpaqlarına qayıtması və əmlakları üzərində hüquqlarının bərpa edilməsi məsələsində eyni həssaslığı göstərməyə çağırıb": "Biz bu hökumətləri Kəlbəcər rayonunda əsir götürülmüş, işgəncə və vəhşi rəftara məruz qalmış, üzərilərində qeyri-qanuni məhkəmə prosesləri keçirilərək barələrində müvafiq olaraq ömürlük və 22 illik həbs cəzası çıxarılan iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də prinsipial yanaşmağa çağırırıq. Təəssüf ki, ABŞ, Avropa İttifaqı, Kanada, Norveç biz bu məsələni Daimi Şurada qaldıranda daim səssiz qalıblar".
Sənəddə qeyd edilir ki, Azərbaycan cəmiyyəti üçün bu nümayəndə heyətlərinin belə mövqe sərgiləməsi iki standartların bariz nümunəsidir.